Futbol üzrə Gürcüstan millisinin baş məşqçisi Temuri Ketsbaya və köməkçilər məvaciblərindən məhrum olublar. Apasport.az saytının məlumatına görə, qonşu ölkənin gənclər və idman nazirliyi onların əməkhaqqılarını ödəməkdən imtina edib.
Nazir Levan Kipianinin adından Gürcüstan Futbol Federasiyasına göndərilən məktubda səbəb kimi milli komandanın nəticələrinin zəif olması və onların tutduqları vəzifə üçün təyin olunmuş məvacibin məbləğinin yüksək olması göstərilib. Ödənilməsi məqsədəuyğun sayılmayan məbləğ isə 124 dollar təşkil edir.
Nazirlikdən bildirilib ki, millinin baş məşqçisinə illik 225 min dollardan yuxarı əməkhaqqı ödəməyə gərək görmürlər və əsas diqqəti gənclərin, eləcə də bölgələrdə futbolun inkişafına yönəltmək istəyirlər. Bunun müqabilində, federasiyadan məşqçilər korpusuna daha yaxşı əməkhaqqı ödəmək üçün başqa vasitələrdən yararlanacaqları yönündə açıqlama gəlib.
Qeyd edək ki, Gürcüstan millisi DÇ-2014-ün seçmə mərhələsini 5 xalla 4-cü pillədə başa vurub.