“Azərbaycan futbolundakı ən böyük çatışmazlıq həm hücum, həm müdafiə futbolunu dərk etməyi və oynamağı bacaran ifaçıların çox az olmasıdır. Əgər onlar bunu bacararlarsa, həm millidə, həm də Avropa ölkələrinin çempionatlarında uğur qazana bilərlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan”ın baş məşqçisi Güvənc Kurtar deyib.
Türkiyəli mütəxəssis Doğan agentliyinə verdiyi müsahibədə Azərbaycan futbolunu dəyərləndirib: “Azərbaycan çempionatında bir neçə klubun liderliyi müşahidə olunur. Topaz Premyer Liqasında yaxşı futbolçular çıxış edir. Türkiyə Superliqasında oynamaq iqtidarında olan futbolçular da var. Burada hazırda millilərində çıxış edən, vaxtilə İtaliya və Braziliya çempionatlarında oynamış legionerlər də top qovur. Kifayət qədər yaxşı səviyyəli oyunçu yer alıb”.
Kurtar “Xəzər Lənkəran”a rəhbərlik edən həmyerlisi Mustafa Dənizli ilə görüşməsindən də danışıb: “Mustafa Dənizli ilə Türkiyədə də eyni liqada çalışmışıq. Azərbaycan da bizim ikinci vətənimizdir. O qədər də tez-tez görüşmürük. Dənizli bir az uzaqdır. Təxminən 2-3 saatlıq məsafədə olur. Oyunlardan başımız ayılsın daha tez-tez görüşərik”.
“Rəvan”ın baş məşqçisi futbolçuların maaşlarını Türkiyə ilə müqayisə edib: “5-6 klubda futbolçuların aldığı maaş yaxşıdır. Hətta deyərdim ki, Türkiyə klublarında olan maaşlara çox yaxındır. Amma ümumilikdə götürəndə Azərbaycandakı bu rəqəmlər Türkiyə Superliqası ilə I liqası arasındadır”.
Legionerlərin Bakıya alışmasında problemin olmadığını deyən Kurtar transferlər haqda düşünməyin tez olduğunu bildirib: “Bakı gözəl şəhərdir. Amma o qədər çalışırıq ki, gəzməyə vaxt tapa bilmirik. Amma gözəl restoranlar və kafelər var. Bu üzdən də gələn legionerlər uyğunlaşmağa çətinlik çəkmirlər. Hazırda oyunçu transfer etməyi düşünmürəm. Fikirləşdiyim hazırkı heyətlə nəyə nail ola biləcəyimizdir. Kubokun yarımfinalına çıxmışıq və burada “Neftçi” kimi səviyyəli rəqiblə oynayacağıq. Transferləri deyil, bu oyunları düşünürəm. Yoxsa ki, Türkiyədən onu alaq, bunu alaq kimi fikirlərim yoxdur”.