“AFFA prezidentinin açıqlamasından xəbərim var. Bizim üçün problem yoxdur”. Bunu apasport.az saytına “Rəvan”ın baş məşqçisi Güvənç Kurtar deyib.
AFFA prezidenti Rövnəq Abdullayevin İcraiyyə Komitəsinin martın 7-dəki iclasından sonra “elitanı heç kim tərk etməyəcək” tipli açıqlaması aşağı dəstəyə düşməyə namizəd olan “Rəvan” və “Sumqayıt” rəhbərliyini rahatlandırsa da, bu qısa sürüb. Belə ki, onun bugünkü açıqlaması futbol ictimaiyyətində şok effekti yaradıb.
Abdullayevin sözlərinə görə, lisenziya tələblərinə uyğun olmadığı üçün aşağı dəstədən 2 yox, maksimum 1 komanda Premyer Liqada oynamağa vəsiqə qazanacaq. Həmin bu komanda isə elitada sonuncu – X pilləni tutmuş komandanı əvəzləyəcək.
Bu isə o deməkdir ki, elitanı tərk etməyəcəklərinə görə xeyli rahatlayan “Rəvan” artıq çempionat oyunlarına “Neftçi” ilə kubok matçına hazırlıq kimi yanaşmayacaq. “Bakı”nın baş məşqçisi Milinko Pantiçin dediyi kimi, mükafatlara və avrokuboklara vəsiqə qazanmaq iddiası qalmayan klublar bundan sonra Premyer Liqa matçlarına yoxlama görüşləri kimi yanaşmayacaq.
Bununla bağlı “Rəvan”ın baş məşqçisinin fikirlərini öyrənməyi lazım bildik: “Xatırlayırsınızsa, Simurq”la görüşdə 9 azərbaycanlı futbolçunun xidmətindən yararlanmışdıq. Bunlardan 5-6-sı da 21 yaşadək oyunçu idi. Bəs bu uşaqları biz nə vaxt oynadacağıq? Futbolçu futbol oynayaraq inkişaf etməlidir. Bu addımımıza görə mətbuatda bizi tənqid etdilər. Halbuki “Bravo, hoca, gəncləri meydana buraxırsız” yazmaları lazım idi”.
“Bəs “Sumqayıt”la artıq prinsipiallığa çevrilən görüşdə də 9 futbolçudan yararlanacaqsınız” sualını verdikdə isə Kurtar valı 360 dərəcə dəyişərək belə cavab verdi: “Bu açıqlamanın nəyi pisdir ki? Lisenziya tələblərinə cavab vermədikləri üçün aşağı dəstədən komanda qalxmayacaq. Buna cavab verən digər komanda (“Araz Naxçıvan”ı nəzərdə tutur – S.T.) isə elitanın sonuncusunu əvəzləyəcək. Biz də çalışmalıyıq ki, sonuncu olmayacaq. Bunun üçün “Sumqayıt”ı bu tur məğlub etsək, aramızda xal fərqi 4-ə yüksələcək. Hər şey öz əlimizdədir”.
Qeyd edək ki, “Rəvan” – “Sumqayıt” oyunu aprelin 5-də saat 17:00-da başlayacaq.