Topaz Premyer Liqasının XXVIII turunun mərkəzi görüşündə “Qəbələ”nin ardıcıl ikinci oyunda 3 top fərqi ilə uduzması və cari mövsüm çempionatın bütün 4 görüşündə “Qarabağ”a yenilməsi rəsmiləşdi. Apasport.az saytının məlumatına görə, bundan başqa, məğlubiyyətə Elnur Allahverdiyevin 76 və 78-ci dəqiqələrdə aldığı sarı vərəqələrlə meydandan qovulması da damğa vurdu.
Daha doğrusu, millimizin müdafiəçisinin oyundan sonra saytımıza verdiyi müsahibə çox sərt alınmışdı: “Baş hakimin qərarları oyunun nəticəsinə təsir edib. Rəqib futbolçu topu əllə qarşısına atıb, oyuna daxil edir. Halbuki, hərəkətdə olan topu oyuna daxil etmək olmaz. Hakim bunu görmürdü? Adam kişi olar... Meydandan qovulmağımın səbəbini hakimdən soruşanda deyir, nə bilim, vərəqə göstərdim də. Bilmirlər, savadları yoxdur, səviyyələri bura qədərdir. Vallah hamısı səviyyəsiz hakimlərdir. Onlara qaydalar haqda sual verin, cavab verə bilməyəcəklər. Cavab versələr, mən futbolu atacağam. Savadları yoxdur”.
Topaz Premyer Liqasında idarəçilk edən hakimlər isə Allahverdiyin fikirləri ilə razılaşmır. Münasibətini öyrəndiyimiz fit sahibləri də öz növbələrində futbolçunu ittiham ediblər.
“İstəmərəm ki, sözlərinə münasibət bildirməklə onun səviyyəsinə enim”
Rəhim Həsənov: “Oyunu özüm idarə etdiyimə görə demirəm. Elnur Allahverdiyevin və Yuri Syominin mətbuat konfransında dediyi məsələdə hakimlər düzgün qərar verib. Ola bilər ki, onlar “Qarabağ”a uduzduqları üçün emosional olublar. Üstəlik, orda heç bir oyundankənar vəziyyətdən söhbət gedə bilməz. Elnurun “apasport”dakı müsahibəsindən xəbərim var. Mən öz işimə hörmətlə yanaşıram. İstəmərəm ki, sözlərinə münasibət bildirməklə onun səviyyəsinə enim”.
“Elnurun səsləndirdiyi fikirlər gülünc ittihamdan başqa bir şey deyil”
Əliyar Ağayev: “Elnur Allahverdiyev bəzən kobudluq edir. Həmin kobudluğuna görə də layiqli cəzasını alır. Oyunda istər-istəməz emosiyalar qalxır. Heç kim məğlub olmaq istəmir. O da həmin emosiyalarına sahib ola bilmir və bunun nəticəsi kimi kobudluqlara yol verir. Elnurun hakimləri səviyyəsiz adlandırması, xüsusən də bunu FİFA referisi olan Rəhim Həsənov barəsində işlətməsini ona yaraşdırmadım. Biz necə səviyyəsiz ola bilərik ki, toplanış keçirik, imtahan veririk. Əgər belə olsa, bizi yarışlara buraxmazlar. Hesab edirəm ki, Elnurun səsləndirdiyi fikirlər gülünc ittihamdan başqa bir şey deyil. Yüksək liqanı idarə edən hakimin oyun qaydasını bilməməyi gülünc olardı”.
“Allahverdiyev çox böyük səhvə yol verib”
Vüsal Əliyev: “Əgər Elnur Allahverdiyev belə bir söz deyibsə, çox böyük bir səhvə yol verib. Yəqin ki, məni yaxşı tanıyır və səviyyəmi çox gözəl bilir. Əvvəla, öz səviyyəsinə baxsın. Necə olur ki, “Qarabağ”, “Xəzər Lənkəran” və “Qəbələ”də qırmızı vərəqə alır. Hansı komandada oynayırsa, orda problem yaradır. Özünü qoyub, hakimlərdə problem axtarır? Hansı hakimdən səviyyəsizlik görüb ki? İlk növbədə danışdığı sözü fikirləşsin. Görsün, nə danışır. Bunu Elnura şəxsən öz adımdan deyirəm. Adam danışanda, sözünün arxasını və qabağını fikirləşər. Cürəti varsa, gəlib mənimlə üzbəüz otursun. Bir dənə sual versəm, futbolda qayda nədir, bilməyəcək. Emosiyalara qapılıb oyundan sonra belə açıqlama vermək olmaz. İlk növbədə bir az səbirli olmaq lazımdır. Hakim qırmızı və ya sarı vərəqə veribsə, orda idarəçiliyə qiymət verən insanlar var. Ədalət təmsilçiləri barəsində belə danışmaq heç kimə başucalığı gətirmir. Yenə deyirəm, əgər o belə bir söz deyibsə, böyük səhv edib. Şəxsən mənim səviyyəmi futbol ictimaiyyəti yaxşı bilir”.
“Ona ikicə kəlmə sözüm olacaq”
Fariz Yusifov: “Ona ikicə kəlmə sözüm olacaq. Əvvəla, Elnur Allahverdiyev belə bir fikir səsləndirməklə çox böyük səhv edib. Gərək hakimlik barəsində danışanda, diqqətli olsun”.