Hazırlıqsız Kamran Ağayev və sarğısız Vladimir Levin
04.02.2014 - 12:49
Hazırlıqsız Kamran Ağayev və sarğısız Vladimir Levin

“Kamran Ağayevin keçidi ilə bağlı heç bir problem qalmayıb. Biz “Bakı” ilə bütün məsələləri razılaşdırmışıq”. Bu sözləri apasport.az saytına “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.

 

“Qəbələ” qış fasiləsində 6 futbolçunu heyətinə qatdı. Bunlardan 2-si qapı xəttinə idi. Braziliyalı Dieqo Koştanın uzun müddətə sıradan çıxması “qırmızı-qaralar”ın əvvəlcə “Sumqayıt”dan Anar Nəzirovu, ardınca isə “Bakı”dan Kamran Ağayevi sıralarına qatması ilə nəticələndi.

 

Ancaq hər 2 millinin qapıçısının statusunda fərq var. Belə ki, Anar “Qəbələ”nin Antalya toplanışına iştirak edibsə, Kamran hazırlıqsız qalıb. Üstəlik, Nəzirovdan fərqli, Ağayevin adına PFL-in sifariş ərizəsində rast gəlinmir.

 

Bunu klubun vitse-prezidenti Fariz Nəcəfovla dəqiqləşdirmək qərarına gəldik: “Biz Kamran Ağayevlə 1,5 illik müqavilə bağlamışıq. Onun adının PFL-in iştirak ərizəsində olmamasının səbəbini bilmirəm. Yəqin ki, yaxın günlərdə onun adı da orda olacaq. Ancaq dəqiq əmin ola bilərsiniz ki, biz “Bakı”dan onun bütün transfer hüquqlarını əldə etmişik”.

 

Bu arada “Qəbələ”nin kapitanı ilə bağlı da fikir öyrəndik. Yoxlama oyunlarının əksərində polşalı qapıçı David Petjkeviç komandanı kapitan qismində meydana çıxarsa da, “Sumqayıt”la səfər matçında isə bu sarğı braziliyalı Dodoya həvalə olundu. Olmaya braziliyalı mərkəz müdafiəçisi Rafael Santosun gəlişindən sonra əsas heyətdəki yerini itirən Vladimir Levin kapitanlıqdan məhrum edilib?

 

Nəcəfov isə bu baxımdan da yeni bir şey olmadığını bildirdi: “Yox, kapitanımız yenə Levindir. Dəyişiklik olsaydı, mənim xəbərim olardı. Sadəcə, Levin ehtiyatda olduğu üçün baş məşqçimiz bu görüşdə kapitanlığı Dodoya həvalə etməyi lazım görüb”.