“Elnur Allahverdiyev Azərbaycanda ən savadsız futbolçulardan biridir”. Bu sözləri apasport.az saytına AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
Topaz Premyer Liqasının XXVIII turu çərçivəsində keçirilən “Qarabağ” – “Qəbələ” matçında qırmızı vərəqə alan qonaq komandanın futbolçusu Elnur Allahverdiyev oyundan sonra azərbaycanlı hakimləri sərt şəkildə tənqid edib. 31 yaşlı müdafiəçi qarşılaşmanın referisi Rəhim Həsənov da daxil olmaqla, ədalət təmsilçilərinin savadsız olduqlarını bildirib.
Məmmədovun Allahverdiyevə cavabı isə daha sərt olub: “Hakimlər oyun qaydalarını çox gözəl bilirlər, imtahanlarda da yaxşı nəticələr göstəriblər. Onları savadsızlıqda ittiham etmək ayıb işdir. Lazım olsa, biz Elnura və oyun qaydalarından xəbərsiz olan başqa futbolçulara dərs keçərik. Topun hərəkətdə olduğu vaxt oyuna daxil edildiyini söyləyir? Məsləhət görərdim ki, epizodun videoyazısına baxsın. Onda görəcək, top hərəkətdə idi, ya yox. Onun meydandan qovulmasına gəlincə, Rəhim Həsənov doğru qərar qəbul edib. Başqalarında səhv axtarmaqdansa, özünə baxsın”.
Xaqani bəy eyni gündə keçirilən “İnter” – “Rəvan” matçının yarımçıq dayandırılmasına, lakin “Qarabağ” – “Qəbələ” görüşünün baş tutmasına da aydınlıq gətirib: “Kimsə düşünə bilər ki, süni örtüyü təmizləmək daha asan olduğu halda, “Şəfa”dakı oyun niyə təxirə salındı. Bildiyiniz kimi, “İnter”lə “Rəvan”ın oyunu 1 saat tez – 17:00-da başladı. Həmin vaxt yağan qar çovğunla müşayiət olunurdu. Yəni, qarın təmizlənməsi ilə iş bitmirdi. Oynamaq üçün münasib hava şəraiti yox idi. Lakin saat 18:00-da çovğun səngidiyi üçün Respublika stadionunda qazonun qarı təmizləndi və “Qarabağ”la “Qəbələ”nin görüş baş tutdu. Düşünürəm ki, oyun yaxşı keçdi. Yəni, qazonun vəziyyəti və hava şəraiti oynamaq üçün tələblərə cavab verirdi”.