Bu gün start götürən III Qəbələ kubokunun açılış mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, tədbir turnirin təşkilatçısı “Qəbələ” İdman Klubunun eyniadlı şəhərdəki stadionunda baş tutub.
Futbol Akademiyasına məxsus meydanda keçirilən mərasimə klub rəhbərliyi, iştirakçı komandalar, qonaqlar, media nümayəndələri və azarkeşlər qatılıblar. Tədbirdə çıxış edən “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov ənənəvi turnirin iştirakçılarını salamlayıb: “Bu gün 3-cü Qəbələ kubokuna start verilir. Bu münasibətlə futbol ictimaiyyətini, yarış iştirakçılarını, media nümayəndələrini salamlayıram. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq təşkil edilən yarışın öz ənənələri və özəllikləri var. Avropanın qabaqcıl klublarının yarışda iştirak üçün müraciət etməsi turnirin qazandığı nüfuzu göstərir. Bu dəfə turnirin coğrafiyası da genişlənib. İlk dəfə turnirdə İngiltərə, İtaliya, Avstriya, Belçika təmsilçiləri çıxış edir. Klubumuzun prezidenti Tale Heydərov çıxışı zamanı qeyd etmişdi ki, Qəbələ kubokunda gələcəyin futbol ulduzları iştirak edir, onlar öz klublarında əsas heyətə düşəcəklər. “Qəbələ” İdman Klubunun əsas məqsədi uşaq futbolunu inkişaf etdirmək, istedadları üzə çıxarmaq, Azərbaycan millisi üçün futbolçu yetişdirməkdir. Bu turnirin təşkilində yardım üçün AFFA ilə Azərbaycan Gənclər və İdman Nazirliyinə təşəkkür edirəm. “Qəbələ”nin əsas komandasının Topaz Premyer Liqasında mükafatçılar sırasına düşməsi və avrokuboklara çıxması münasibətilə Qəbələ sakinlərini və klubumuzun azarkeşlərini təbrik edirəm. Ümid edirəm ki, avrokuboklarda da onları sevindircəyik”.
Qeyd edək ki, III Qəbələ kuboku iyunun 1-dək davam edəcək.
III Qəbələ kubokunun açılış mərasimi keçirilib
29.05.2014 - 17:55
0
0