Yığmamızın ilk ev sınağı
19.08.2014 - 09:38
Yığmamızın ilk ev sınağı

Azərbaycan millisi sabah növbəti oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, komandamız Özbəkistan yığmasını sınağa çəkəcək.

 

Bakıda baş tutacaq yoldaşlıq görüşü “Bakcell Arena”da keçiriləcək. AVRO-2016-nın seçmə mərhələsinə hazırlaşan millimiz 2014-cü ildə ilk ev oyununa çıxacaq.

 

Bu il cəmi iki matç keçirən Foqtsun komandası hələ öz meydanında oynamayıb. Dubayda Filippin millisini 1:0 hesabı ilə məğlub edən komandamız ABŞ yığması ilə səfərdə qarşılaşıb. Okeanın o tayında 0:2 hesabı ilə məğlub olan komandamız ilin 3-cü matçında qüvvəsini sınayacaq.

 

Millimiz ötən ilin son iki oyununu da səfərdə keçirmişdi. Estoniyada 1:2 hesabı ilə məğlub olan yığmamız Qırğızıstanda qolsuz bərabərliklə kifayətlənmişdi. Vətəndən kənarda keçirilən 4 görüşün ardından Bakıda meydana çıxacaq komandamız sonuncu dəfə ötən il oktyabrın 15-də doğma publika önündə oynayıb.

 

2013-cü ilin həmin günündə komandamız Rusiya ilə görüşüb. DÇ-2014-ün seçmə oyunu 1:1 hesablı bərabərliklə nəticələnib. Foqtsun yetirmələri 309 gündən sonra yenidən “Bakcell Arena”da qüvvəsini sınayacaq.

 

Yoldaşlıq oyunu
21:00. AZƏRBAYCAN – ÖZBƏKİSTAN

Hakimlər: George Vadaçkoria, Levan Varamişvili, Levan Todria (hamısı Gürcüstan), Ömər Paşayev (Azərbaycan)
“Bakcell Arena”