İmamverdiyevin 956 dəqiqəlik Türkiyə macərası
26.12.2014 - 11:35
İmamverdiyevin 956 dəqiqəlik Türkiyə macərası

Azərbaycan millisinin üzvü Cavid İmamverdiyev Türkiyə çempionatında 13 oyun keçirib. Apasport.az saytının məlumatına görə, 1-ci liqada çıxış edən “Elazığspor”un şərəfini qoruyan yarımmüdafiəçi “Neftçi”yə qayıdanadək qonşu ölkədə nəhs sayda oyuna çıxıb.

 

“Karşıyaka” ilə 2-ci turun matçında debüt edən Cavid 14-cü turun “Boluspor”la matçında son dəfə “Elazığspor” forması geyib. Ardıcıl 13 tur komandasının heyətində oynayan İmamverdiyev 2 qol vurub, 1 məhsuldar ötürmə verib və 1 sarı vərəqə alıb.

 

4-cü turun “Orduspor”, 5-ci turun “Qaziantep BB” ilə qarşılaşmalarında fərqlənən futbolçu ardıcıl 2 oyunda hesabına qol yazıb. Bunların birincisində qolla yanaşı, məhsuldar ötürmə də verib. Yeganə sarı vərəqəsini isə “Samsunspor”la 7-ci turun görüşündə cəzalanıb.

 

13 çempionat matçında 836 dəqiqə oynayan yarımmüdafiəçi Türkiyə kubokunda da şans qazanıb. O, “Balçova” ilə qarşılaşmada 120 dəqiqə meydanda olub. Orta sahə oyunçusu qonşu ölkədə ümumilikdə 956 dəqiqə mübarizə aparıb.