İsayev antirekordla getdi, Həsənov rekordla gəlir
07.04.2015 - 10:54
İsayev antirekordla getdi, Həsənov rekordla gəlir

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi postunun həvalə olunduğu Təbriz Həsənov karyerasında ikinci dəfə bu vəzifəyə gətirilib. Apasport.az saytının məlumatına görə, AVRO-2012 və AVRO-2013-də də yığmamıza rəhbərlik edən çalışdırıcı postunda qalarsa, Bakıda keçiriləcək AVRO-2016-nın final mərhələsi onun millidə 3-cü qitə çempionatı olacaq.

 

Bununla da, Həsənov Yaşar Vahabzadəyə məxsus rekordu təkrarlayacaq.

 

Belə ki, hazırda U-21-ə rəhbərlik edən Vahabzadə də 3 fərqli qitə çempionatında  - AVRO-2003, AVRO-2007 və AVRO-2008-də U-17-nin “sükanı arxası”nda olub.

 

Həsənov indiyədək 10 baş məşqçi (U-16 dönəmini də saysaq 16) ilə qitə birinciliklərinə qatılan yığma tarixində 2-ci məşqçidi ki, vəzifəsini tərk edəndən bir müddət sonra yenidən postuna qayıdıb. Dönüşü 2 ildən sonra gerçəkləşən çalışdırıcıyadək Vahabzadə də bunu bacarmışdı.

 

U-17 Həsənovun rəhbərliyi altında AVRO-2012-nin seçmə mərhələsində Xorvatiyanı məğlub edib (2:1), Belçikaya uduzub (0:1) olub, Ukrayna ilə qolsuz heç-heçə edib - 0:0. Növbəti yarışda isə Həsənovun yetirmələri İspaniyaya 0:2, Polşaya 0:1, Bolqarıstana 1:4 hesabı ilə uduzub.

 

Onun bu dəfəki sələfi Mirbağır İsayev də yığmadakı 6 oyunda eyni nəticələrə nail olub: 1 qələbə, 1 heç-heçə və 4 məğlubiyyət. Amma bu iki məşqçinin rəhbərliyi vaxtındakı top fərqi eyni deyil. Ümumilikdə 3 qol vurub, 16-nı buraxan İsayevin yetirmələri elit-raundda 3 dəfə böyükhesablı məğlubiyyət almaqla yığma tarixinin antirekorduna imza atmışdısa, Həsənovun komandası eyni sayda qol vurub, 9-nu buraxıb.