İspaniya mətbuatı: Azərbaycan millisini unutmaq olmaz
29.01.2014 - 14:40
İspaniya mətbuatı: Azərbaycan millisini unutmaq olmaz

Belçikada keçirilən futzal üzrə Avropa çempionatı bütün qitənin diqqət mərkəzindədir. Apasport.az saytının məlumatına görə, ən güclü 12 yığmanın mübarizəsinə biganə qalmayan İspaniya mətbuatı öz komandalarının şanslarını dəyərləndirib.

 

Baş tutan 8 çempionatdan 6-nın qalibi olan, Belçikaya ardıcıl 5-ci zəfər üçün yollanan pireneylilərdən çempionluq gözləyən həmkarlarımız əsas rəqiblərə də toxunub.

 

İspaniya mediası Azərbaycan yığmasını da hesabdan silməyi qəbul etmir: “Çempionluq üçün əsas rəqiblərimiz İtaliya, Rusiya və Portuqaliyadır. Lakin Biro Jadeni və onun çıxış etdiyi Azərbaycan millisini də unutmaq olmaz. Onlar son turnirlərdəki iştirakı ilə futzal nəhənglərinə qoşulmaq istədiklərini sübut ediblər”.

 

Qeyd edək ki, millimizin ən təcrübəli futzalçısı olan Biro Jade Belçikadakı çempionatın ən yaxşı oyunçusudur. Milliləşən braziliyalımız 41 yaşında qatıldığı yarışa yımamızın final mərhələlərindəki ən məhsuldar oyunçu kimi yollanıb. Onun hesabında 4 qol var.