İtaliya millisinin DÇ-2014-də qrupda qalması istefalara səbəb olub. Apasport.az xəbər verir ki, qrup mərhələsinin III turunda Uruqvaya məğlub olaraq, mundialla vidalaşan 4 qat dünya çempionlarının baş məşqçisi Çezare Prandelli istefa verib.
O, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında bunları deyib: “Dörd il ərzində DÇ-yə gəlmək üçün çalışdıq. Amma bir qırmızı vərəqə hər şeyi məhv etdi. Heç bir zaman İtaliyada pul oğurlamaqla günahlandırılmaq istəmirəm. Məni ölkədə pul “yemək”də ittiham etdilər. Bununla razılaşmıram. İstefa verdim və qərarımı dəyişməyəcəm”.
İtaliya Futbol Federasiyasının prezidenti Cankarlo Abete postundan gedib. Federasiya rəhbəri verdiyi açıqlamada mundialdan öncə bu qərara gəldiyini bildirib: “Mən dünya çempionatı başlamamışdan öncə bu qərara gəlmişdim ki, istefa verəcəm. Braziliyadakı uğursuzluq bunu tezləşdirdi. Çox üzgünəm”.