“Sloveniyalılara uduzmaqla, özümüz öz həyatımızı çətinləşdirdik. Qrup mərhələsinin ilk oyununda, hansı ki, orada cəmi 3 komanda oynayır, məğlubiyyət həlledici ola bilərdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə İtaliya yığmasının baş məşqçisi Roberto Menikelli deyib.
Millimiz Avropa çempionatının final mərhələsində keçirdiyi ikinci oyunda İtaliyaya 0:7 hesabı ilə uduzaraq, mübarizəni dayandırdı. Oyundan sonra fikirlərini bölüşən rəqib komandanın baş məşqçisi qələbəyə layiq olduqlarını söyləyib: “Bu oyuna köklənmişdik. Çətin idi, xüsusilə də psixoloji cəhətdən, ancaq öhdəsindən gəldik. Qələbə oyunçularımızın əməyinin nəticəsidir, bunu qeyd etmək istərdim. Oyunun əvvəlindən hər şey istədiyimiz kimi alındı, ikinci hissədə yaxşı müdafiə olunduq. Stefano Mammarella müstəsna insandır. Üstəlik, yaxşı qapıçıdır, bunu bu gün bir daha sübut etdi. Onun ad gününü mehmanxanada üzərində şamlar olan tortla təbrik etmişdik. Biz 1/4 finaldayıq, artıq rahat nəfəs almaq olar. Dəfələrlə söyləmişəm: futzalın keyfiyyəti o qədər yüksəlib ki, bir çox komandalar böyük hədəflər uğrunda mübarizə aparırlar. 1/4 finalda istənilən komada digərini məğlub edə bilər”.