Joze Alesio: İtaliya yığması bizə çox top vurmağa çalışacaq
02.02.2014 - 11:01
Joze Alesio: İtaliya yığması bizə çox top vurmağa çalışacaq

“Məşqdən sonra komanda üzvləri ilə söhbətdə məqsədim ilk matçda yol verdiyimiz səhvləri onlara bir-bir başa salmaq idi. Çünki İtaliya ilə qarşılaşmada belə səhvlərə yol verməməliyik”. Bunu apasport.az saytına futzal üzrə millimizin baş məşqçisi Joze Alesio deyib.

 

Dünən millimiz İtaliya ilə oyun öncəsi əsas hazırlığını keçdi. Məşqdən sonra yığmamızın və “Araz”ın braziliyalı çalışdırıcısı yetirmələrini başına toplayıb, onlarla uzun-uzadı söhbət etdi. Bundan sonra isə futzalçıların bəziləri Portuqaliya – Rusiya matçına, digərləri otelə qayıtdı.

 

Otelə qayıdanlar arasında millimizin Sloveniya ilə görüşündə hesabı açan, ancaq zədələnən Amadeu da vardı. Alesionun sözlərinə görə, onun zədəsi qorxulu deyil: “Amadeuda bir az yüklənmə olub. O, Sloveniya ilə matçdan sonra ayağını masaj elətdirdi. Buna görə də bu gün ona istirahət verdik. Ancaq sabah Amadeu İtaliyaya qarşı oynaya biləcək”.

 

Təcrübəli çalışdırıcı bugünkü vacib matç haqqında isə bunları deyib: “İtaliya ilə oyun çox çətin olacaq. Onlar qələbə qazanmaq üçün çox riskli oynayacaq. Matça ilk dəqiqələrdən aqressiv başlayacaqlar. Təbii ki, bu, bizim xeyrimizə işləyən amildir. Çünki rəqib nə qədər riskli oynasa, o qədər səhv etmək imkanı da çox olur. Bununla belə, unutmamalıyıq ki, İtaliya belə şeylərdə çox təcrübəlidir. Onların belə turnirlərdə iştirak təcrübəsi çoxdur. İtaliya üçün qrup ikincisi olmaq da pis nəticə sayılır. Buna görə də onlar bizə mümkün qədər çox top vurmağa çalışacaq”.

 

Qeyd edək ki, millimizin İtaliya ilə görüşü bu gün Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

 

Səbuhi TOFİQOĞLU

Antverpen