Futzal üzrə Azərbaycan yığması bu gün Belçikanın Antverpen şəhərində ilk məşqini keçirib. Apasport.az saytının Antverpenə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, hazırlıqdan sonra millimizin braziliyalı çalışdırıcısı Joze Alesio da Silva jurnalistlərin suallarını cavablandırıb.
- Komanda bu gün ilk məşqini keçirdi. Avropa çempionatına nə qədər hazırsınız?
- Bu il komanda çox yaxşı hazırlıq keçib. Bakıda və Belqradda olmaqla, 2 təlim-məşq toplanışı keçmişik. Faizlə desəm, Avropa çempionatında iştiraka 90 faiz hazırıq. Komanda istər fiziki, istərsə də texniki-taktiki cəhətdən hazırlıqlıdır. İndi burdakı məşqlərlə lazımi çatışmazlıqlarımızı aradan qaldırmağa çalışırıq.
- Bundan əvvəlki 2 Avropa çempionatı öncəsi ölkə xaricində toplanış keçməmişdiniz. Bura gəlməmişdən öncə Türkiyəyə, daha sonra Serbiyaya getmişdiniz. Nə dəyişdi ki, indi xaricə yollanmaq qərarına gəldiniz?
- Çünki əvvəllər mən bunun üçün rəhbərlikdən xahiş etmişdim. Ancaq mümkün olmamışdı. Bu dəfə isə federasiya prezidenti istəyimizi reallaşdırdı və vacib turnir öncəsi 2 toplanış keçə bildik. Sevindirici haldır ki, millinin “Araz”ın oyunçularından ibarət bazası var. Ancaq digər klublarımızda oyunçularla lazım olduğu qədər məşq keçirilmir. Rizvan Fərzəliyevlə Rəcəb Fərəczadədə əvvəlki 2 toplanışda bu hiss olunurdu.
- Ötən AÇ-də biz 2 oyunda da məğlub olaraq, məyusluq yaşamışdıq. Bəs bu dəfə nə gözləyək?
- Təbii ki, məqsədimiz qrupda 1-ci yeri tutmaqdır. Məşqlər zamanı oyunçularıma hər dəfə maksimum nəticəni təbliğ edirəm. Ancaq rəqiblərimizə də hörmətlə yanaşıram. Hamı Sloveniyanın zəif olduğunu deyir. Ancaq həmin Sloveniya yoldaşlıq oyunlarında bu çempionatın iştirakçıları və favortiləri olan Portuqaliyaya qalib gəlib, İspaniya ilə isə heç-heçə edib. Hamı fərqli Sloveniya görə bilər. İtaliyaya gəlincə, təcrübəli komandadır, ənənəvi olaraq, bu turnirdə iştirak edir. Onlara qarşı oynamaq çətin olacaq. Çünki hər 2 komanda millimizin heyətini, nəyə qadir olduğunu yaxşı bilir.
- Bu gün İtaliya ilə Sloveniya qarşılaşacaq. Sizi hansı nəticə qane edir?
- Mən heç-heçənin tərəfdarıyam. Belə olsa, qrupdan 1-ci çıxmaq imkanlarımız daha çox olur. Sloveniyaya qalib gəlib, İtaliya ilə qrup birinciliyi uğrunda oynamaq olar. Ancaq bu, fərziyyədir. Baxaq görək, oyunun nəticəsi necə olacaq.
- Bugünkü məşq təxminən 2 saat çəkdi. Bu nə ilə əlaqədar idi?
- Oyunlar bir-birinə yaxın olduğundan, fasilələr azdır. Dünən futbolçulara məşq keçməyib onlara istirahət verdim. Ona görə də bu gün bir qədər standard vəziyyətlər üzərində də çalışmalar həyata keçirdik.
- Azarkeşlər millidən hansı nəticəni gözləsinlər?
- Bu, çətin sualdır. Ancaq təbii ki, başımızda minimum yarımfinala çıxmaq var. Biz qrupu 1-ci yerdə tamamlasaq, o biri qrupun 2-cisi kimi Çexiya və ya Xorvatiya ilə qarşılaşa bilərik. Yarımfinalda isə Portuqaliya ilə üz-üzə gəlmək və bu minvalla finala da çıxmaq imkanımız var. Ancaq qrup ikincisi olsaq, şansımız azalır. Çünki digər qrupun 1-cisi kimi İspaniyanın olacağı şübhəsizdir. Bununla belə, ümidvaram ki, oyunçularım məqsədlərinin nə olduğunu bilir. 12 komandanın hər biri ilə oyun çətindir. Ancaq yaxşı hazırlıq keçsək, istəkli olsaq, istədiyimiz nəticəyə nail ola bilərik.
Joze Alesio da Silva: Məqsədimiz qrup birincisi olmaqdır
29.01.2014 - 17:51
0
0