Braziliya millisinin qapıçısı Julio Sezar karyerasını ABŞ-ın Əsas Futbol Liqası sayılan MLS-də davam etdirəcək. Apasport.az klub saytına istinadən xəbər verir ki, hazırda İngiltərə təmsilçisi KPR-in müqaviləli futbolçusu olan Sezar “Toronto”ya icarəyə göndərilib.
34 yaşlı qolkiper mövsüm sonuna qədər ABŞ klubunda çıxış edəcək. Məlumatlara görə, braziliyalının bu addımı atmasına səbəb, cari il ölkəsində keçiriləcək dünya çempionatında yığmanın formasını geyə bilməkdir. Çünki, ona ingilis klubunda elə də forma şansı verilmirdi.
Qeyd edək ki, 2005–2012-ci illərdə Milan “İnter”inin də şərəfini qorumuş Sezar 2003-cü ildən Braziliya millisində çıxış edir.