“Milan” futbol klubunun yarımmüdafiəçisi Kaka müqavilədə ona klubu tərk etməyə icazə verən hüququndan istifadə etmək niyyətində deyil. Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçunun müqaviləsində komandanın Çempionlar Liqasına vəsiqə qazanmadığı təqdirdə ona klubu tərk etməyə icazə verən bənd var.
“Milan” ötən tur hətta nəzəri olaraq Çempionlar Liqasına düşmək şansını da itirdi. İtaliya mətbuatı Kakanın ABŞ-ın “Orlanda Siti” klubuna keçəcəyini iddia etsə də, 31 yaşlı futbolçu “Milan”dan ayrılmaq niyyətində deyil. Braziliyalı bu komandanın heyətində keçirdiyi 300 oyunda 104 qol vurub.
Bəzi mətbu orqanları Kaka üçün Çempionlar Liqasında iştirakın vacib olmadığını və onun bu səbəbdən komandada qaldığını yazırlar. Digər qəzetlər isə futbolçunun maaşının 20 faizini itirmək istəmədiyini bildirirlər. Qeyd edək ki, “Milan”ın bəzi futbolçularının müqaviləsində Çempionlar Liqasına vəsiqə qazana bilmədikləri təqdirdə maaşlarının 20 faizinin tutulacağı ilə bağlı bənd var.