Karlos Kardoso: Hamısı yorğunluqdandır - MÜSAHİBƏ
20.01.2014 - 00:00
Karlos Kardoso: Hamısı yorğunluqdandır - MÜSAHİBƏ

 

Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Superliqanın lideri “Fənərbaxça” ilə qarşılaşan “Neftçi” qolsuz heç-heçə etdi. Oyundan sonra “ağ-qaralar”ın müdafiəçisi Karlos Kardoso apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Yoxlama oyununda Türkiyənin ən böyük klublarından olan “Fənərbaxça” ilə qarşılaşdınız. Oyun haqda nə deyə bilərsiniz?

- Bizim üçün çox yaxşı təcrübə oldu. Türkiyə Superliqasının liderinə qarşı oynadıq. Bu gün Türkiyə klublarına yaxşı sərmayə qoyurlar. Buna görə də onların çempionatı Avropada ən güclülərdən hesab edilir. Qarşılaşmanın heç-heçə bitməsi də bizim üçün sevindirici idi.

 

- Rəqibin heyətində tanınmış hücumçular çıxış edirdi. Onlara qarşı oynamaq çətin deyildi?

- Əlbəttə, çətindir. Rəqibin heyətində yer alan futbolçuların əksəriyyəti ölkələrinin yığmasında oynayır. Hətta bir neçəsi bu il Braziliyada keçiriləcək dünya çempionatında da gücünü sınayacaq. Yığmanın formasını geyinən futbolçulara qarşı mübarizə aparmaq hər zaman çətindir.

 

- Zədəniz nə yerdədir?

- Ciddi deyil. Bir anda sanki hərəkət edə bilmədim. Fikrimcə, hamısı yorğunluqdandır. Çempionata qədər tam sağalıb, sıraya dönəcəm.

 

- Adətən belə güclü komandalarla oyunlarda qeydə alınan nəticələr sonradan rahatlıq yaradır. Bundan ehtiyatlanmırsız?

- Bu, bizim üçün müsbət məqamdır. Komandada ruh yüksəkliyi yaranır, özünəinam bir qədər də artır.

 

- Ancaq mənfi təsiri də ola bilər...

- “Fənərbaxça”ya hörmətlə yanaşırdıq. Lakin unutmayın ki, bu komanda Çempionlar Liqasının qalibi olmuş Milan “İnter”i ilə səfərdə də heç-heçə oynayıb. “Neftçi” Avropa Liqasının qrup mərhələsində oynamış komandadır. Buna görə də hansısa nəticəyə baxıb arxayınlaşmağımız mümkün deyil.