Kaxaber Sxadadze: Əsas heyətin 90 faizini saxlayacağıq
17.05.2014 - 20:22
Kaxaber Sxadadze: Əsas heyətin 90 faizini saxlayacağıq

“Komandaları mövsümün bitməsi ilə təbrik edirəm. Son oyunu gözəl qələbə ilə başa vurduq. Futbolçulara bu mövsüm göstərdikləri çalışqanlığa görə bir daha təşəkkür edirəm”. Apasport.az saytının məumatına görə, bunu “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.

Gürcüstanlı mütəxəssis Topaz Premyer Liqasının XXXVI turunun AZAL-la oyunu (3:1) haqda fikirlərini açıqlayıb, mövsümün yekunlarını şərh edib: “Qarabağ” çempionluğa layiqli idi, biz də ikinciliyə. Komandanın mövsüm boyu göstərdiyi futbol da xoşuma gəldi. Bugünkü oyunda əvəzedici heyətin futbolçuları uğurlu çıxış etdilər. 90 dəqiqəni tam oynamaq iqtidarında olmasalar da, əsas heyətin oyunçularını layiqincə əvəz edə bildilər. Çempionatın səviyyəsi nəzərəçarpacaq dərəcədə artıb”.

Sxadadze heyətdəki dəyişikliklərə də toxunub: “Komandadan getmək istəyənlərə uğurlar arzu edirəm. Artıq Ruslan Əmircanov komandanı tərk edib. Digər futbolçular haqqında heç nə deyə bilmərəm. Təbii ki, komandadan futbolçuların getməyi üzücü haldır. Komandanın əsas futbolçuları qalacaq. Lakin həyatda puldan başqa digər amillər də var. Madriqalı qışda komandaya cəlb etdik, potensialına inanırıq. Sürətlidir, hər iki ayağı ilə oynaya bilir. Qarşıdakı mövsümdə özünü göstərəcəyinə inanıram. Flavio Junior və İvo Taborski də komandanı tərk edənlərdəndir. Əsas heyətin 90% saxlayacağıq. Bir hücumçu ilə danışıqlarımızı davam etdiririk. Bu cür güclü keçən çempionatda, güclü rəqiblərə qarşı oyunlarda qazanılan uğur məni sevindirir. Mövsüm çox gərgin və yorucu oldu. Avroliqada uğurlu çıxış etmək istəyirik”.

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov da mövsümün son matçını şərh edib: “Mövsümün son oyununda bir neçə futbolçuya oynamaq şansı verdim. Xuan Fransisko və Orxan Səfiyaroğlunu sınadım. Hücumun kəsəri, vuran ayağımız yoxdur. Müdafiədə bəsit qollar buraxırıq. Yeni mövsümdən bir neçə gənc oyunçunu əsas heyətə cəlb edəcəyik. Baxışa bir neçə futbolçu cəlb edəcəyik. Onları toplanışın 3-cü dövründə, yoldaşlıq oyunlarında sınaycağıq”.

Mənbə: pfl.az