Kazbek Tuayev ittihama cavab verdi: İylənmiş donuzlar, “alkaşlar”...
29.03.2014 - 14:20
Kazbek Tuayev ittihama cavab verdi: İylənmiş donuzlar, “alkaşlar”...

“Viktor Serebryanikovun söylədiyi fikirlərlə tanışam. Əslində, onun dediklərinə məhəl qoymazdım. Amma...”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan futbolunun veteranı, hazırda AFFA-nın İcraiyyə Komitəsinin üzvü olan Kazbek Tuayev deyib.

 

O, 1966-cı ildə “Neftçi” klubunun heyətində SSRİ çempionatında qazanılan bürünc medala ləkə salan ukraynalı Viktor Serebryanikovun ittihamlarına ittihamla cavab verib.

 

Tuayev Kiyevdə bakılılara 1:2 hesabı ilə uduzan “Dinamo”nun oyunu satdığını iddia edən sabiq futbolçunun dedikləri ilə razılaşmayıb: “Mən indi həyatda olmayanların çirkaba bulaşdırılmasına göz yuma bilmərəm. Onlar içki düşkünləridir. Həm Serebyanikov, həm də Vitali Xmelnitski tükənmiş insanlardır. Başlarında heç nə qalmayıb deyə, ağızlarına gələni danışırlar. Ukraynanın bir dənə əfsanəsi - Valeri Lobanovskisi vardı. Onun da heykəlini dağıtdılar. Gedib, bunun dərdini çəksinlər. Bunun əvəzinə, dünyasını dəyişmiş adamların ruhlarını incidəcək şeylər danışırlar. Anatoli Banişevskinin adını hallandırmaq nəyə lazımdır? Belə şeylər Tolikin ruhunu incidir. İylənmiş donuzlar, “alkaş” yığınıdır”.

 

Veteran futbolçu bildirib ki, bununla bağlı mətbuat konfransı keçirməyi planlaşdırırlar: “Yaxşı ki, vaxtilə “Dinamo”da oynayanların hamısı belə deyil. Amma Serebryanikov və onun kimilərin cavabını daha sərt şəkildə vermək istəyirəm. Bu üzdən yaxın günlərdə bir neçə jurnalisti başıma yığacam. Siz və bir neçə həmkarınız olsa, kifayətdir”.

 

Qeyd edək ki, Serebryanikov Ukrayna mətbuatına müsahibəsində həmin oyunu satdıqlarını və bunun “Neftçi”nin bürünc medal qazanmasında böyük rol oynadığını iddia edib.

0