Kəfəndəki İspaniya
14.06.2014 - 23:00
Kəfəndəki İspaniya

Qisas qiyamətə qalmadı.

 

Hollandiya yığması qiyamət qopardı.

 

“Məğlubedilməz armada” - İspaniya darmadağın edildi.

 

Uzun müddət idi İspaniya millisi meydana ağ futbolkada çıxmırdı. İspanlar dünənki matça kəfəndə çıxmışdı.

 

Ağ futbolka ispanlar üçün düşərli deyil. Bu, birmənalıdır...

 

1994-cü il dünya çempionatında İtaliya, 1998-ci il dünya çempionatında faciəvi Nigeriya, 2004-cü il Avropa çempionatında Portuqaliya məğlubiyyətləri...

 

Hər üç turnirdə ağ futbolkaya üstünlük verən ispanlar məğlubiyyətə düçar oldu. Yoxsa, bu dəfə də eyni ssenari təkrarlanacaq? Çilinin Avstraliyayla göstərdiyi oyundan sonra İspaniyanın işinin qəliz olacağı indidən bəllidir.

 

Hollandiya millisi yalnız öz qisası üçün döyüşmürdü meydanda. Hollandiya millisi illərdir dünya futbolunda hegemonluq edərək qarşısına çıxanı əzən ispanlardan dünyanın intiqamını almaqdaydı.

 

İntiqam, qisas hissinin beləsi görülməmişdi.

 

Rəqibə qarşı amansız oyun göstərən “narıncılar”ın qələbə ehtirası idmanın, insanlığın üzərinə dırmandı. Hətta 2012-ci ilin Avropa çempionatının finalında İtaliya yığmasına 4-cü qol vurandan sonra hakimə “RESPECT” qışqırıb, oyunun dayandırılmasını tələb edən İker Kasilyasın göz yaşlarına belə məhəl qoymayan hollandlar rəqibə hörmət göstərməkdən boyun qaçırdılar. Amma belə yaramaz...

 

Qisas hissi pis olur axı...

 

Van Qal “tək pas” strategiyasını alt-üst etdi. İspaniya yığması Van Qalın meydanın mərkəzində yerləşdirdiyi “mina”lara düşürdü və elə bundan sonra da təşkil olunan hücumlarla İspaniyanın qalası qol atəşinə tutulurdu.

 

Kasilyası isə Çili ilə matçda ehtiyatda oturmaq lazımdır. Ləng və yaşlı Reynayla müqayisədə ən optimal variant David de Xeadır.

 

Artıq qapıda gənclərə yer verməyin vaxtı çatıb.

 

Del Boske... Sakit adam... Futbol akademiki...

 

Oyunun sonlarında ehtiyat oyunçular skamyasında futbolçularının başını sığallayan qayğıkeş ata...

 

İspaniya millisinin ümidi yalnız Del Boskeyədir.

 

Del Boske gəmini sağ-salamat sahilə çıxarmalıdır.

 

Yoxsa fırtınada batacaq gəmidən əsər-əlamət qalmayacaq...

 

Fərid MİRZƏYEV

 

0