Bu gün keçiriləcək Azərbaycan kubokunun finalı “Qəbələ”nin rusiyalı baş məşqçisi Yuri Syominin həlledici qarşılaşmada iştirakı ilə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, ölkə kubokunun finalında 9-cu dəfə əcnəbi mütəxəssisin komandası oynayacaq.
Buna nail olan ilk legioner Anatoli Konkov olub.
2004/05 mövsümündə “İnter”i finala çıxaran ukraynalı “Bakı” ilə həlledici görüşün əlavə vaxtında 1:2 hesablı yenilgiyə üzülmüşdü. Onun “bankirlər”dəki həmyerlisi Valentin Xodukin isə 2 finalın iştirakçısı olan yeganə əcnəbidir. Sonuncu 2008-ci ildə əlavə vaxtda “Xəzər Lənkəran”a 0:2, 1 il sonra isə “Qarabağ”a 0:1 hesabı ilə uduzmağın məyusluğunu yaşayıb. Ukraynalıların ardıcıl 3 finalda uduzmasının əsası isə 2007-ci ildə qoyulub. İqor Nakoneçnının rəhbərlik etdiyi “MKT-Araz” “Xəzər Lənkəran”a uduzmuşdu.
Ukraynalılar kimi “İnter”in əcnəbiləri də 4 finalda yenilib. 3 ukraynalının ardından komandasının həlledici görüşə çıxaran Kaxaber Sxadadze də yenilgi yaşayıb. Gürcüstanlı 2011-ci ildəki əcnəbi duelində “Xəzər Lənkəran”ın rumıniyalı baş məşqçisi Mirça Rednikin yetirmələrinin kubok qazanmasına şahid olmuşdu – 1:1, pen. 2:4.
Lakin Rednik kubok qazanan ilk legioner məşqçi deyil. Ondan 1 il əvvəl “Bakı”ya başçılıq edən türkiyəli Cüneyt Biçər Lənkəran təmsilçisini əlavə vaxtda yenmişdi – 2:1.
Syominə qədər final həyəcanı yaşayan son əcnəbi isə uelsli Con Toşak idi. Onun rəhbərliyi altında finala çıxan “Xəzər Lənkəran” ötən “Neftçi” ilə qolsuz heç-heçə etsə də, penaltilər seriyasında 3:5 hesabı ilə uduzmuşdu.
Bir sözlə, bugünkü matçadək 7 mövsümdə, 7 əcnəbi məşqçi 8 dəfə finalçı olub. Əcnəbilər 2 dəfə kubok qazanıbsa, 6 dəfə son addımda büdrəyib.