Fevralın 23-də keçiriləcək AVRO-2016-nın seçmə mərhələsinin püşkatması ərəfəsində UEFA-nın rəsmi saytı yarışın tarixi ilə bağlı yazılar dərc etməkdə davam edir. Apasport.az-ın məlumatına görə, bir müddət əvvəl seçmə mərhələlərdə ən çox oyun keçirən baş məşqçilərin siyahısını tərtib edən UEFA indi də ən məhsuldar futbolçuları müəyyənləşdirib.
Seçmə mərhələlər tarixinin ən yaxşı bombardiri Danimarka millisində 19 qol vuran Yon Dal Tomassondur. Türkiyə futbolunun əfsanəsi Hakan Şükürün də hesabında eyni sayda qol var. Lakin danimarkalı 24, türkiyəli isə 31 matçda bu qədər qol vurub. Bu üzdən Tomasson 1-ci, Hakan 2-cidir.
İlk “beşlik”də qərarlaşan digər 3 futbolçu eyni sayda – 18 topa sevinib. Bunu 20 qarşılaşmada bacaran ispaniyalı Raul 3-cü, 25 matça çıxan çexiyalı Yan Koller 4-cü, 35 seçmə oyununa çıxam irlandiyalı Robbi Kin isə 5-cidir.
“Top-5”ə düşməyən, lakin karyerasını davam etdirənlərdən Miroslav Kloze və Kriştianu Ronaldo da liderləri izləyir. 23 matçda 16 dəfə fərqlənən almaniyalıdan fərqli, dünyanın ən yaxşı futbolçusu olan Portuqaliyalının 15 qolluq hesabını zənginləşdirmək şansı daha çoxdur. Bu da 21 matça çıxan Ronaldonun daha gənc olması ilə bağlıdır.
Müqayisə üçün AVRO-1996-nın seçmə mərhələsindən qitə arenasına çıxan Azərbaycan yığmasının bombardirlərinə nəzər salaq. 5 seçmə mərhələdə keçirdiyi 50 oyunda 29 qol vurub. Komandamızın ən məhsuldar futbolçusu Qurban Qurbanovdur. AVRO-2000-in seçmə mərhələsində Lixtenşteynə 2, AVRO-2004-ün seçmə mərhələsində Serbiyaya 3 qol vuran yığmamızın sabiq hücumçusunun hesabında 5 top var.
İndi “Qarabağ”ın baş məşqçisi olan mütəxəssis “Rop-5”ə düşməyən Ronaldodan 3 qat fərqlə geri qalır. Yığma karyerasını davam etdirən Vüqar Nadirovun isə cəmi 3 qolu var. Nazim Süleymanov, Rauf Əliyev, Vaqif Cavadov, Zaur Tağızadə və Fərrux İsmayılov hərəyə 2 dəfə fərqlənib.