“Bu qələbədən çox razı qaldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan “Sent Etyen”in baş məşqçisi Kristof Qaltye deyib.
48 yaşlı çalışdırıcı Fransa Liqasının 5-ci turunda “Kan” üzərində qələbəni (1:0) şərh edərkən sentyabrın 18-də Bakıda “Qarabağ”la qarşılaşacaqları oyun haqda da danışıb.
Qaltye Ağdam klubu ilə görüşün daha çətin olacağını bildirib: “Ötən tur PSJ-yə məğlubiyyətdən (0:5) sonra bu qalibiyyətə çox şadam oldum. Baxmayaraq ki, yaxşı oyun göstərə bilmədik, lakin yenə bu qələbə bizim üçün çox vacib idi. Futbolçularım meydanda cəsarətli və fədakarcasına vuruşdu. Qazandığımız xallarımızın sayını 10-a çatdırdıq, doğma meydandakı məğlubiyyətsiz seriyamızı davam etdirdik. Bu isə heç bir şey demək deyil. Cümə axşamı Avropa Liqasında qrup mərhələsinə start verəcəyik. Öz oyunumuzu göstərməliyik. “Qarabağ” kiçik klub deyil. Onlar tam dolu stadionda oynayacaqlar”.
Qeyd edək ki, “Qarabağ” – “Sent Etyen” oyunu sentyabrın 18-i, saat 21:00-da başlayacaq.