Kristof Qaltye: Artıq “Qarabağ”ı öyrənməyə başlamışıq
30.08.2014 - 15:17
Kristof Qaltye: Artıq “Qarabağ”ı öyrənməyə başlamışıq

“İnter” məşhur komandalardan sayılır. Belə rəqiblə düşməyimiz bizim üçün maraqlı təsadüfdür. Biz meydançada “İnter”dən çəkinməyərək oyunumuzu göstərməliyik”. Apasport.az saytının məlumatına görə, bunu Fransanın “Sent-Etyen” klubunun baş məşqçisi Kristof Qaltye deyib.

 

Ötən mövsüm komandasını Fransa Liqa 1-də IV edən Qaltye Avroliqadakı rəqibləri haqqında fikirlərini bildirib. O, SSRİ vaxtında “Bordo”nun Ukraynaya səfərindən və Fransada bu klubu 2:1 məğlub etməklə mərhələ adlamasını xatırlayıb: “Dnepr” ilə bağlı mənim yadımda qalan şeylər var. 1987-ci ildə (əslində 1988-ci ildə - red.) Jan Tiqana və Alen Jiressin qolları ilə “Bordo” Ukrayna klubunu mübarizədən kənarlaşdırmışdı. İndi də “Dnepr”in məhsuldar oyunu ilə bağlı bəzi informasiyaya malikəm. Orda çox yaxşı komanda var. Hazırda çempionatda II pillədədirlər”.

 

2 gün əvvəl 48 yaşını qeyd edən çalışdırıcı “Qarabağ”ı tanımaq üçün artıq işə başladıqlarını da qeyd edib: “Azərbaycanın “Qarabağ” klubunu isə tanımıram. Ancaq mənim köməkçilərim artıq bu komandanı  və digər iki rəqibimizi öyrənmək üzərində işləməyə başlayıb. Biz çox uzağa səfər edəcəyik. İki dənə uzun səfərimiz var. Təəssüf ki, püşk belə düşüb. Biz Avroliqanın qrup oyunlarına kimi yaxşı çalışmalı və bərpa olunmalıyıq”.

 

Qeyd edək ki, “Qarabağ” Avroliqanın qrup mərhələsində ilk oyununu sentyabrın 18-də məhz “Sent-Etyen”ə qarşı keçirəcək. Cavab qarşılaşması isə noyabrın 27-də baş tutacaq.