Kubokun finalçıları millimizə çağırıldı
26.05.2014 - 09:30
Kubokun finalçıları millimizə çağırıldı

Mayın 21-dən Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək yığmamızın heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, “Bakı”nın üzvü Vüqar Mustafayev zədəli olduğu üçün heyətdən çıxarılıb.

Onun əvəzinə isə ölkə kubokunun final görüşünün üzvləri U-21-ə dəvət olunub. Bunlar Ruslan Tağızadə (“Qəbələ”) və Məqsəd İsayevdir (“Neftçi”). Bununla da toplanışa çağırılmış futbolçuların sayı 26-ya çatıb. “Neftçi”dən Elvin Yunuszadə, “Qarabağ”dan Qara Qarayev və “İnter”dən Abdulla Abatsiyev isə mayın 29-da U-21-ə qoşulacaq. Bu 3 futbolçu hazırda ABŞ-da əsas millinin düşərgəsindədir.

Qeyd edək ki, bu toplanış Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 1-də Bayıl stadionunda Norveç millisi ilə keçiriləcək oyunla əlaqədardır. Həmin görüş saat 20:00-da başlayacaq.