Kurtar, bu biabırçılığı qurtar!
06.02.2014 - 14:29
Kurtar, bu biabırçılığı qurtar!

“Rəvan” klubunun rəhbərliyi baş məşqçi Güvənç Kurtara ultimatum verib. Apasport.az saytının əldə etdiyi məlumata görə, qış fasiləsində Şahin Diniyevi əvəzləyən 64 yaşlı türkiyəli mütəxəssisin qarşısına növbəti 5 oyundan minimum 8 toplamaq tapşırığı qoyulub.

 

Təqvimə əsasən, “Rəvan” qarşıdakı 5 oyundan 3-ü evdə keçirəcək. Lakin rəqiblər paytaxt təmsilçisinin “dişinə görə” deyil. Belə ki, “aslanlar”ı doğma divarlar arasında “İnter”, “Qarabağ” və AZAL-la çətin duellər gözləyir. Məsələyə real yanaşsaq, “Rəvan”ın yalnız “təyyarəçilər”lə görüşdə 3 xal qazanmaq şansının olduğunu söyləyə bilərik.

 

Bakılıların “bankirlər”lə ağdamlıları məğlub edəcəkləri inandırıcı görünmür. Heç “Qəbələ”ni səfərdə devirmək də ağlabatan deyil. Ancaq “Sumqayıt”la matçdan qələbə ilə ayrılmaq olar. Sonuncu pillədə qərarlaşan “gənclik şəhəri” təmsilçisi “Rəvan” üçün yeganə münasib rəqibdir. Amma təkcə onları məğlub etməklə iş bitmir axı.

Klub rəsmiləri qış fasiləsində yeni çalışdırıcının rəhbərliyi altına Antalyada toplanış keçən, 5 əcnəbi futbolçu ilə güclənən komandadan nəticə gözləyir.

 

Kurtar qarşıya qoyulan tapşırığın öhdəsindən gələ bilməyəcəyi halda, baş məşqçi dəyişməyi özləri üçün əyləncəyə çevirən “Rəvan” rəhbərliyi mövsümün sonunu gözləmədən onunla vidalaşacaq. Türkiyəlinin əvəzləyəcək birini axtarmağa da gərək yoxdur. Sırada növbəsini gözləyən Bəhmən Həsənov var...

 

Qeyd edək ki, paytaxt təmsilçisi III dövrənin açılış oyununda, Güvənç Kurtarın rəhbərliyi altında çıxdığı ilk matçda “Bakı”ya biabırçı - 1:5 hesabı ilə uduzub. Komandanın türkiyəli baş məşqçisi qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında “bir də belə “Rəvan” görməyəcəksiniz” söyləyərək, Azərbaycanda öz sözünü deyəcəyini açıqlayıb.

 

XXIV turu gözləyək...