Ötən il avqustun 25-də Topaz Premyer Liqasının IV turu çərçivəsində keçirilən "Xəzər Lənkəran" - "Neftçi" görüşündən sonra həbs edilən azarkeşlərin məhkəmə prosesi keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə təqsirli bilinən Elman Tağıyev (Eliko) və digər 2 nəfər məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
Elikonun vəkili Əliheydər Hüseynovun qafqazinfo.az saytına açıqlamasında dünən keçirilən məhkəmə iclasında 3 nəfər azarkeş haqqında 3 il müddətinə həbs qərarı verildiyini təsdiqləyib: “ Müvvəkilimlə yanaşı, digər iki nəfərə 3 il həbs verdilər. Ancaq biz öz şikayətimizi bildirəcəyik və Apellyasiya Məhkəməsinə müraciət edəcəyik”.
Məhkəmə “Neftçi” azarkeşi Zaur Ərəbov da daxil olmaqla, 4 azarkeşə hələ ki, hökm oxumayıb. Vəkilin sözlərinə əsasən, həmin 4 nəfər islah işlərinə cəlb oluna bilər.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 221.3 maddəsinə əsasən, xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə, 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.