Liderin debütantları
08.02.2014 - 14:58
Liderin debütantları

Topaz Premyer Liqasının bu gün keçirilən “Qarabağ”la oyununda “Qəbələ”nin heyətində daha iki futbolçu debüt edib. Apasport.az saytının məlumatına görə, bu dəqiqələrdə davam edən qarşılaşmada çempionatın liderinin heyətində iki yeni futbolçu mübarizə aparır.

 

Belə ki, rusiyalı baş məşqçi Yuri Syomin ilk dəqiqələrdən yeni transferlərdən ikisinə etimad göstərib. Bunlardan biri Rusiya futbolunun ulduzlarından olan Marat İzmaylovdur. Portuqaliya təmsilçisi “Porto”dan icarəyə götürülən yarımmüdafiəçi 5 aydan sonra yaşıl meydana çıxıb. Bununla da Syomin sözünün üstündə durub. Belə ki, tanınmış mütəxəssis Rusiya mətbuatına açıqlamasında Maratın “Qarabağ”la görüşdə debüt edəcəyini açıqlamışdı.

 

Azərbaycan futbolunun ən yaxşı qapıçısı Kamran Ağayev də əyalət təmsilçisinin heyətində debüt edib. Əvvəllər paytaxtdan kənarda “Turan” və “Xəzər Lənkəran”da çıxış etmiş qolkiper “Qarabağ”a qarşı oyuna start heyətində çıxıb.

 

Qeyd edək ki, 2014-cü ilin ilk oyununda daha iki futbolçu – Rafael Santosla Ruslan Tağızadə “Qəbələ”də debüt etmişdi.