“Qəbələ” növbəti mövsüm çempion olacaq" - MÜSAHİBƏ
23.05.2014 - 16:33
“Qəbələ” növbəti mövsüm çempion olacaq" - MÜSAHİBƏ

Ölkə kubokunun final görüşü olan “Qəbələ” – “Neftçi” oyunundan sonra nominal meydan sahiblərinin braziliyalı yarımmüdafiəçisi Lorival Assis penaltini dəqiq yerinə yetirən futbolçulardan idi. Artıq vətəninə dönən və “Qəbələ”yə qayıtmayacağı dəqiqləşən Assis son müsahibəsini apasport.az saytına verib.

 

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Bizim üçün çətin bir görüş oldu. Kubokun qalibi ola bilərdik. “Neftçi”yə qarşı çox yaxşı oynadıq. Hətta onlardan da yaxşı çıxış etdik. Penaltilər seriyasına gəlincə, burda kimin qalib gələcəyini öncədən bilmək olmur. Qəbələyə, azarkeşlərə, klubda işləyən hər kəsə, rəhbərliyə təşəkkürümü bildirirəm. Çünki biz cari mövsüm çox yaxşı çıxış etdik. İnanıram ki, Avroliqanın təsnifat mərhələsində də “Qəbələ” çox uğurlu olacaq. Hamı bizə dəstək olduğu üçün kubokun qalibi olmağa çalışırdıq. Ancaq bu futboldur və burda 1 qalib olur.

 

- Deyə bilərikmi ki, qələbə qazana bilməyiniz üçün sizdə bəxt amili çatışmadı?

- Bəli. Mən də elə düşünürəm ki, bizim 1 top vurmağımız üçün bəxtimiz gətirmədi. Penaltilərdə isə hər şey ilk zərbəmizdən asılı oldu. Təəssüf ki, Marat o topu vura bilmədi. Futbol kollektiv oyun olduğu üçün 1 nəfərin qələbəsi hamının, məğlubiyyəti də komandada olan bütün futbolçularındır. Mühüm olanı “Qəbələ”nin cari mövsümü yaxşı keçirməsidir. İnanıram ki, növbəti mövsüm biz ilk 2 yerdən birini tutacağıq. Ümid edirəm ki, “Qəbələ” növbəti mövsüm indikindən daha yaxşı çıxış edəcək.

 

- Oyundan əvvəl sanki penaltilər seriyası üzərində hazırlıq keçməmişdiniz...

- Yox, biz hazırlıq keçmişdik. Ancaq bilirsiniz, penaltilərdə hər şey ola bilər. İnanıram ki, “Qəbələ” növbəti mövsüm çempion olacaq. Çünki biz heç kimdən zəif deyilik.

 

- Bu, karyeranızda ilk kubok finalı həyəcanı idi?

- Braziliyada bir dəfə bu həyəcanı yaşamışdım. Onda karyerama başladığım Braziliyanın “İrati” klubu ilə kubokun finalında oynamışdım.

 

- Yuri Syominin vaxtında o qədər də oyun praktikası qazanmadınız. Müqaviləniz isə bu ay başa çatır. Komandada qalmağa dair qərarınızı vermisiniz?

- İlk 6 ay mənim üçün çətin keçdi. Məşqçi mənə oynamaq şansı vermədi. O, mənim mövqeyimə çoxlu futbolçu gətirmişdi. Ancaq yanvardan sonra mənə şans verməyə başladı. Ona görə də qış fasiləsindən sonra mənim üçün yaxşı keçdi. Hər zaman oynamağa hazıram. Bu gün (dünən – S.T.) də baş məşqçi mənə “oynayacaqsan” dedi. Mənim penaltidən qol vurmağımı istəyirdi. Müqaviləmin müddəti başa çatır. “Qəbələ”nin məni saxlayıb-saxlamayacağını bilmirəm. Sabah Braziliyaya qayıdacağam.

 

Səbuhi TOFİQOĞLU