Luçesku: Türkiyədə barəmdə nə yazıldığını bilmirəm
02.04.2014 - 20:29
Luçesku: Türkiyədə barəmdə nə yazıldığını bilmirəm

 

Ukraynanın “Şaxtyor” futbol klubunun baş məşqçisi Mirça Luçesku Türkiyəyə köçəcəyi ilə bağlı yazılanlara münasibət bildirib. Apasport.az saytının məlumatına görə, rumıniyalı mütəxəssis hələlik heç bir yerə getmədiyini bildirib.

 

Ukraynada siyasi və iqtisadi böhran başlayandan sonra Luçeskunu öz sıralarında görmək istəyən klubların sayı durmadan artır. Onların arasında “Qalatasaray” və “Beşiktaş” da var.

 

“Qalatasaray” azarkeşləri hazırkı baş məşqçi Roberto Mançininin uğursuzluqlar səbəbindən mövsümün sonunda komandanı tərk edəcəyini gözləyirlər. Onun yerinə ən real namizəd kimi isə Mirça Luçeskunun adı çəkilir. Bundan əlavə, “Beşiktaş” klubu da keçmiş baş məşqçisini yenidən sükan arxasında görməkdə maraqlı olduğuna işarə edib.

 

Luçesku isə hələlik onu heç bir təklifin maraqlandırmadığını və iş yerini tərk etmək niyyətində olmadığını deyib: “Mən Türkiyə ilə bağlı şərh vermək istəmirəm. Hazırda Ukraynadayam və mənim komandam “Şaxtyor”dur. Bütün diqqətimi bu komandanın oyunu üzərində cəmləmişəm. Mövsümün sonuna qədər məni heç bir təklif maraqlandırmır. Mən xəbərləri oxumuram və Türkiyədə mənim barəmdə yazılanlardan xəbərsizəm”.