“Şaxtyor” klubunun baş məşqçisi Mirça Luçeskunun “Qalatasaray”a keçəcəyi ətrafında müəmmalar davam edir. Apasport.az saytının məlumatına görə, rumıniyalı mütəxəssis Ukrayna mətbuatının “Luçesku 99 faiz “Qalatasaray”a keçəcək” məlumatını qeyri-müəyyən tərzdə təkzib edib.
Rumıniya radiosuna açıqlama verən Luçesku “Şaxtyor”la daha 1 illik müqaviləsinin olduğunu xatırladıb: “Bununla bağlı sıxıntım yoxdur. Heç kimlə işlə bağlı görüşmürəm. Bu müqaviləyə hörmət edib, qalmaq istəyirəm. Amma təbii ki, hər şey Donetskdə nələr olacağından asılıdır. Hər şeyi siyasi durum həll edəcək”.
Rumıniyalı mütəxəssis “Qalatasaray”ın “Elazıqspor”la oyunundan əvvəl İstanbula səfərinin Türkiyə mətbuatı tərəfindən səhv anlanıldığını bildirib: “Mən qısa bir tətil üçün İstanbula getmişdim. Bunu səhv anladılar və “Qalatasaray”la danışıqlar aparmaq üçün gəldiyimi düşündülər. Bu xəbərdən sonra Roberto Mançini ilə danışmaq ehtiyacı duydum. Ona zəng etdim və “Qalatasaray”a gələcəyim barədə xəbərlərin doğru olmadığını söylədim”.