"İlk hissədə futbolçular sanki bir-biri ilə danışmırdılar"
24.01.2014 - 10:00
"İlk hissədə futbolçular sanki bir-biri ilə danışmırdılar"

“İlk oyunla müqayisədə daha yaxşı təsir bağışladıq. Baxmayaraq ki, rəqib komandanın futbolçuları yaşca bizim heyət üzvlərimizdən daha böyük idi. Onlarla başa-baş mübarizə aparmağı bacardıq. Önəmli olan komandamızın verdiyimiz tapşırıqlara uyğun hərəkət etməsi idi”. Apasport.az saytının məlumatına görə, bunu "Qəbələ"nin əvəzedici komandasının baş məşqçisi Luis Araqon deyib.

Türkiyədə hazırlıq keçən “Qəbələ” dünən Küveytin U-21 yığmasına ilə qarşılaşıb. “Papilyon” otelinin meydançalarından birində keçirilən görüşdə təmsilçimiz Murad Musayevin 21-ci dəqiqədə penaltidən vurduğu qolla qələbə qazanıb.

İspaniyalı mütəxəssis klubun rəsmi saytına bu haqda danışarkən matçın ikinci hissəsində meydançaya çıxan gənc futbolçuların daha istəklə oynadıqlarını, bunun da sevindirici hal olduğunu söyləyib: “U-17 komandasının heyətindən gələn gənc futbolçular çox yaxşı çıxış etdilər. Həmin futbolçulardan Yusif Nəbiyev, Qismət Alıyev və Roman Hüseynovun böyük həvəslə çıxış etdiyini söyləyə bilərəm. Bu, sevindirici haldır. Gənc futbolçuların işini yüksək qiymətləndirirəm. Amma ilk hissədə futbolçularım sanki bir-biri ilə istənilən əlaqəni qura bilmirdilər, meydançada danışmırdılar. Ümumilikdə komandadan razı qaldım”.

Qeyd edək ki, Küveytin U-21 komandası Türkiyədə hazırlıq keçən 21 yaşadək millimiz də gücünü sınayacaq. Həmin qarşılaşma yanvarın 26-da, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.