Mahir Şükürov: Millidəki oyun sayımı artırmaq istəyirəm
05.03.2014 - 17:03
Mahir Şükürov: Millidəki oyun sayımı artırmaq istəyirəm

“Hər bir futbolçu istəyər ki, uzun və uğurlu karyeraya sahib olsun. İndiyə kimi keçirdiyim 200 oyundan 68-də “Neftçi”nin forması ilə meydana çıxmışam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Mahir Şükürov deyib.

 

Topaz Premyer Liqasının XXIV turunun “Qarabağ”la qarşılaşmasında Azərbaycan çempionatlarında 200-cü oyununa çıxan müdafiəçi yubiley haqda fikirlərini açıqlayıb: “İnşallah “Neftçi”də 100-cü oyunumu keçirərəm. Bu komandanın üzvü olmaq qürurvericidir. “Neftçi” ilə karyeramın ən böyük nailiyyətlərinə imza atmışam. Avropa Liqasının qrup mərhələsində oynadıq, çempionluq yaşadıq və ölkə kubokunu qazandıq”.

 

Şükürov son oyunlarda qələbə həsrəti yaşayan komandasının indiki durumundan da danışıb: “İndi bunun davamını gətirmək üçün əlimizdən gələni etməliyik. Çempionatın son oyunlarına komandamız heyətdəki böyük itkilərlə çıxdı. Bu səbəbdən də vacib xallardan məhrum olduq. Amma qarşıda hələ uzun marafon var, ona görə də indidən nəsə demək çətindir. İstərdim ki, “Neftçi” ilə yanaşı milli komandadakı oyunlarımın sayını da artırım”.

 

Mahir Azərbaycan millisinin Dubay toplanışından kənar qalmasına da toxunub: “Son toplanışa dəvət almasam da, yığmaya kömək etməyə həmişə hazıram. Məşqçilər hər toplanışda gənc futbolçulara da dəvət göndərib onlara şans verirlər. Bu çox gözəl haldır. Bizim komandadan da Elvin Yunuszadə ilk dəfə olaraq milli komandaya çağırıldı. İnanıram ki, o da yığmada yerini möhkəmlədə biləcək. Mənə də nə vaxt dəvət gəlsə canla-başla oynayaram”.

 

Mənbə: neftchipfk.com

0