Mahir Şükürovu niyə söyürlər?
11.02.2014 - 12:52
Mahir Şükürovu niyə söyürlər?

“Etikadan kənar heç bir hərəkətə bəraət yoxdur. Lakin Mahir Şükürovla bağlı olayda buna təhrik var. Futbolçu özü təhqir olunmasına zəmin yaradır”. Bu sözləri apasport.az saytına “12cioyuncu” azarkeş qrupunun rəhbəri İslam Cabbarlı deyib.

 

Topaz Premyer Liqasının hesabat turunda baş tutan “Xəzər Lənkəran” – “Neftçi” matçı zamanı yerli azarkeşlərlə qonaq komandanın futbolçusu Mahir Şükürov arasında xoşagəlməz olay yaşandı. Belə ki, bir qrup fanat oyun ərzində cənubluların sabiq futbolçusu olan millimizin üzvünün ünvanına söyüş “yağdırdılar”. Şükürovun buna cavab olaraq azarkeşlərə ədəbsiz jest göstərməsi ilə isə təhqirlər futbolçu meydanı tərk edənədək davam etdi.

 

Cabbarlı əməkdaşımızla söhbətində azarkeşlərə haqq qazandırmadığını, lakin qalmaqalın səbəbkarının Şükürov olduğunu söylədi: “Mahiri söyənlərin əksəriyyəti uşaqlar, yeniyetmələr, gənclərdir. Onlara haqq qazandırmıram. Amma gəlin baxaq görək, Şükürov niyə bu aqibətlə üzləşir. Bunun təməli ötən il ölkə kubokunun finalında qoyuldu. O, oyun bitəndən sonra “Xəzər Lənkəran”ın futbolçularına qarşı idmançıya yaraşmayan hərəkət etdi, ardınca da, mətbuatda artıq-əksik danışdı. Bunun davamı olaraq, ötən ilin avqustunda baş tutan “Böyük oyun”da azarkeşlərimiz onu fitə basdı, ünvanına təhqir yağdırdılar. Mahir isə açıqlamaları, atmacaları ilə intriqanı daha artırdı. Adam bizim uşaqların hirsinin soyumasına imkan vermir. Bu məsələdə səbəbkar Şükürovun özüdür.  “Neftçi” ilə Lənkərandakı sonuncu oyunda fanatlar yenə onu söyüşə “qonaq etdilər”. Mahir isə ədəbsiz jest etməklə onları daha da qıcıqlandırdı”.  

 

İslam bəyin fikrincə, Şükürovun ağsaqqal məsləhətinə ehtiyacı var: “Yaxşı olar ki, başını aşağı salıb, futbolunu oynasın, insanlarda qıcıq doğuran açıqlamalar verməsin. Qeyri-etik jest ona başıucalığı gətirmir. Yenə deyirəm, azarkeşlərimizin Mahiri söymələrinə haqq qazandırmıram. Ancaq onları buna özü təhrik edir. Yüzlərlə azarkeşi sakitləşdirmək daha çətindir, nəinki 1 nəfəri. “Neftçi” klubun rəhbərliyi, Şükürova sözü keçən böyüyü, ağsaqqalı onu başa salsa, yaxşı olar. Mahir özün düzgün aparsa, söyüş və təhqirlə qarşılaşmaz”.