“Qalatasaray” rəhbərliyi mövsümlərarası transfer zamanı Mançinin aldığı futbolçulardan məmnun deyil. Apasport.az saytının məlumatına görə, buna görə də, italiyalı mütəxəssisin yeni transferlər məsələsinə burnunu soxmasına icazə verilməyəcək.
Türkiyə kubokunu almasına, son turda “Ərciyəzspor”a qalib gələrək ikinci yeri tutub Çempionlar Liqasına birbaşa qatılmaq imkanı əldə etməsinə baxmayaraq, Mançini müəmması hələ də davam edir. İtaliyalı məşqçinin daha 2 illik müqaviləsi olsa da, onun yaratdığı komandadakı atmosfer azarkeşlərin narazılığına səbəb olub. Mançini son 1 ayda 4 dəfə İtaliyaya qaçıb, hər fürsətdə İstanbulu tərk etməyə çalışır. O, “Qalatasaray” başqanı Ünal Aysalla son görüş zamanı transfer büdcəsindən də narazı qalıb. Mançinini yaxından tanıyanlar bildirirlər ki, italiyalı mütəxəssisin şərtləri yerinə yetirilməyəndə küsüb getmək xarakteri də var.
Onun mövsümlərarası transfer zamanı Burdiso, Lukas Ontiveyro, Hairoviç və Salih Dursunu aldırmasına baxmayaraq, bu dörd futbolçu komandaya heç bir xeyir verməyib. Bu səbəbdən də, komanda rəhbərliyi yay transfer dönəmində onu yeni futbolçuların alınması məsələsinə yaxın buraxmayacaq. Artıq Mançiniyə transfer məsələsinə qarışmamaq kimi sərt göstəriş də verilib.