Maradona Braziliyanı lağa qoydu: Oyunu yarımçıq saxlamaq lazım idi
09.07.2014 - 14:06
Maradona Braziliyanı lağa qoydu: Oyunu yarımçıq saxlamaq lazım idi

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona dünya çempionatının yarımfinal oyununda Braziliyanın Almaniya millisinə 1:7 hesabı ilə uduzmasını istehza ilə qarşılayıb. Apasport.az xəbər verir ki, Bundestimin çox gözəl oyun nümayiş etdirdiyini bildirən argentinalı meydan sahiblərini lağa qoyub. 

 

“Almanların Braziliyaya 7 qol vurmasına mahnı bəstələmək lazımdı. Düşünürəm ki, argentinalı azarkeşlər braziliyalılar üçün mahnı yazacaqlar. Almaniya meydanda uşaqlara qarşı oynayırdı. Braziliya adlı komanda yox idi. 6-cı qoldan sonra oyunu dayandırmaq lazım idi. Almaniya millisi sanki tankdı. İstəyirəm ki, finalda Argentina onlarla oynasın. 1990-cı ildə mundialın həlledici matçında almanlara uduzmuşuq. Bunun qisasın almaq lazımdı” – deyə, Maradona bildirib.

 

Maradona braziliyalı futbolçuların məğlubiyyəti necə şərh edəcəyini anlamadığını deyib: “Başa düşmürəm ki, braziliyalı futbolçular məğlubiyyəti necə şərh edəcəklər? Özü də bu hesabla. Hələ Məsut Özil 8-ci qolu vura bilərdi. Onda daha dəhşətli olacaqdı”.

 

Maradona oyundan sonra qızının ona mesaj yazmasından və 4 il əvvəl Argentinanın da almanlara 0:4 hesabı ilə uduzmasından danışıb: “Oyundan sonra qızım mənə mesaj yazdı. Deyirdi ki, ata 4 il əvvəl siz Almaniyaya biabırçı hesabla uduzmadınız? Bunun cavabında heç nə deyə bilmədim. Yadımdadır, Cənubi Afrika Respublikasında keçirilən mundialda biz də onlara böyük hesabla məğlub olmuşduq”.