Əfsanəvi futbolçu Dieqo Maradonanın adı yenə qalmaqalda hallanır. Apasport.az saytının məlumatına görə, Maradona rəfiqəsini onun evindən əşyaları oğurlamaqda ittiham edərək, münasibətlərinə son vermək qərarına gəlib.
23 yaşlı model Rosio Oliva bir müddət Maradonanın Dubaydakı evində yaşayıb. Argentinalı futbolçu bildirib ki, Rosio onun evdə olmamasından istifadə edərək, pul və qiymətli əşyaları oğurlayırmış.
Oliva özü oğurluq ittihamını rədd edir: “Mən heç nə oğurlamamışam və bizim münasibətlərimiz də başa çatmayıb. Sevgimiz hələ sağdır. Bir çox insanlar daima bizim münasibətlərimizə qarışırdılar və görünür onların səyi öz nəticəsini verib”.
Maradona və Oliva fevralın 14-də – Müqəddəs Valentin günündə nişanlandıqlarını elan ediblər. Amma tezliklə 53 yaşlı Maradona nişanlısını ona xəyanət etməkdə ittiham edərək, böyük qalmaqal yaradıb. Dieqo Rosionu “Mançester Yunayted”in ispan qapıçısı David de Xeaya qısqanıb. Guya ki, onlar sosial şəbəkədə bir-birinə əlaqə nömrəsi veriblər. Amma modelin həmyaşıdı olan Xea bəyan edib ki, heç bir zaman Rosio Oliva ilə görüşməyib.