Marat İzmaylov: Bu klub ailəmin bir parçasıdır
14.02.2014 - 10:58
Marat İzmaylov: Bu klub ailəmin bir parçasıdır

“Porto” rəhbərliyinin mənə münasibəti heç vaxt indiki kimi olmayıb. Çoxları mənim düşdüyüm ağır vəziyyətə biganə qalanda, bu komanda yanımda idi və lazımi dəstək verirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin rusiyalı yarımmüdafiəçisi Marat İzmaylov deyib.

 

“Porto”dan icarəyə götürülən təcrübəli futbolçu Portuqaliya mətbuatına müsahibəsində müqavilə ilə məxsus olduğu kluba qayıdışı haqda danışıb.

 

İzmaylov yaşadığı şəxsi problemləri açıqlamasa da, klubundan aldığı dəstəyi qabardıb: “Hətta komanda üçün çox vacib olan vaxtlarda da onlara kömək edə bilmirdim. Onların belə dəstəyini gördükdə başa düşdüm ki, “Porto” rəhbərliyinə həmişə güvənə bilərəm. Bu üzdən də Portuqaliya təmsilçisini ailəmin bir parçası sayıram. Məqsədim yaxın müddətdə ailəm qayıtmaq və komandaya bütün turnirlərdə qələbə qazanmağa kömək etməkdir. Gedişim oyun praktikası qazanmağa xidmət edir və “Qəbələ”yə icarəyə verilməyim “Porto”ya qayıdışım üçün tapılan ən yaxşı variant idi. Lakin indidən geri qayıtmağım haqda danışmaq tezdir. Hələlik ən vacib olanı 90 dəqiqə eyni səviyyədə oynamaqdır”.

 

Qeyd edək ki, İzmaylov “Qəbələ”də Premyer Liqanın ötən turunda debüt edib.