"Komanda haqda ilkin təəssüratlarım müsbətdir. Heyətə qoşulduğum gündən heç bir problemlə üzləşməmişəm. Ətrafımda baş verənləri diqqətlə izləyirəm və hər şeydən çox razıyam. Artıq bir neçə məşqdə iştirak etmişəm. Kollektivi görəndən sonra əmin oldum ki, buraya gəlməklə düzgün seçim etmişəm". Apasport.az saytının xəbərinə görə, bu sözləri "Qəbələ"nin yeni futbolçusu Marat İzmaylov deyib.
Yeni komandası haqda ilkin təəssüratlarını bölüşən rusiyalı legioner seçimində rol oynayan faktorlardan və hədəflərindən danışıb: "Qəbələ" haqqında öncədən məlumatım var idi. Yuri Syominin "Qəbələ"nin baş məşqçisi təyin olunduğu vaxtdan komandanın nəticələrini diqqətdə saxlayırdım. "Qırmızı-qaralar"ın mövsümün ilk yarısını uğurlu keçirdiyini demək olar. Komandanın bazası, futbol oynamaq üçün gözəl şəraiti olduğunu bilirəm. Məhz bu faktorlar "Qəbələ"ni seçməyimə səbəb oldu. Hədəfim yeni komandama çempion olmaqda və ölkə kubokunu qazanmaqda yardımçı olmaqdır".