Marko Nikoliç: Meydançanın durumu oyuna təsir etdi
28.08.2014 - 22:20
Marko Nikoliç: Meydançanın durumu oyuna təsir etdi

 

“Neftçi”yə qonaqpərvərliklərinə görə öz təşəkkürümü bildirirəm. Öz komandama qələbəyə görə təşəkkürümü çatdırmaq istəyirəm”. Apasport.az saytının məlumatına görə, bunu Serbiyanın “Partizan” klubunun baş məşqçisi Marko Nikoliç deyib.

Bu gün Avroliqanın pley-off mərhələsinin cavab görüşləri keçirilib. “Neftçi” ikinci oyunda da “Partizan”a uduzub – 1:2.

Oyundan sonra keçirilən mətbuat konfransında Nikoliç matç haqqında fikirlərini bildirib: “Meydançanın durumunu və hava şəraitini nəzərə alaraq oynamaq çətin idi. Oyuna yaxşı başladıq. Topa nəzarəti ələ keçirdik. 1 qol vurduq. İkinci hissədə oyunumuzda canlanma yox idi. Saşa İliçi meydana buraxdıqdan sonra bir qədər oyunumuzu düzəltdik. “Neftçi”ni əzmkar oyuna görə təbrik edirəm”.

Nikoliç meydançanın durumunun onların xeyrinə işləmədiyini söyləyib: “Hər iki komanda bu meydança amilinə görə əziyyət çəkdi. “Neftçi” daha çox hava toplarından yararlanırdı. Meydança yaxşı olsaydı, komandalar daha yaxşı oyun göstərərdilər. İkinci hissədə bizə oynamaq ağır idi. 3 saatlıq fərq bizə təsir edirdi. “Neftçi” Serbiyaya 2 gün əvvəl gəlmişdi deyə tez öyrəşmişdi. Biz isə 1 gün əvvəl bura gəlmişdik”.