Qış “transfer pəncərəsi”ndə Azərbaycan klublarından birinə keçəcəyi gözlənilən braziliyalı Marsinyo qalmaqala səbəb olub. Apasport.az saytının məlumatına görə, 28 yaşlı hücumameylli yarımmüdafiəçinin transferinin baş tutmamağı onun şərəfini qoruduğu Bolqarıstan MOİK-inin rəhbərliyini qəzəbləndirib.
Sofiya təmsilçisinin rəsmiləri ilə futbolçunun meneceri Nikolay Jenyovla arasında ciddi gərginlik yaşanıb. Belə ki, keçidin gerçəkləşməməyi MOİK-in planlarını pozub. Çünki bolqarıstanlılar Marsinyonun satışından əldə olunan qazancla başqa oyunçu almaq niyyətində idi.
Braziliyalının klubda qalması həm yeni transferə mane olub, həm də onun havayı əldən çıxması ilə nəticələnə bilər. Məsələ ondadır ki, cənubi amerikalının müştəriləri Marsinyonun müqaviləsinin yayda başa çatacağından xəbər tutub və yarım il sonra azad agent kimi ələ keçirməyin daha sərfəli olması qənaətinə gəliblər.
Qeyd edək ki, Marsinyoya Azərbaycan klubları ilə yanaşı Rumıniya “Petrolul”u da “elçi” düşüb.