“Qalatasaray”da göstərdiyi uğurlu çıxışları ilə yenidən Braziliya millisinə çağırılmaq istəyən Felipe Melonun arzusu puç olub. Apasport.az saytının məlumatına görə, baş məşqçisi Luis Felipe Skolari 30 yaşlı yarımmüdafiəçini Cənubi Afrika ilə keçiriləcək yoxlama matçının heyətinə dəvət etməyib.
Belə ki, DÇ-2014-də iştirak edəcək futbolçuların seçiləcəyi bu oyuna Melonun çağırılmaması onu göstərir ki, Skolari təcrübəli futbolçunu bu turnirdə düşünmür.
Federasiyanın saytında yer alan məlumatda ilk olaraq Avropada çıxış edən braziliyalıların adları açıqlanıb. Ümumilikdə 16 futbolçunun yer aldığı siyahıda yarımmüdafiə xətti üçün bu oyunçular nəzərdə tutulub: Luis Qustavo (“Volfsburq”), Paulinyo (“Tottenhem”), Fernandinyo (“Mançester Siti”), Ramires, Oskar, Uilian (üçü də “Çelsi”).
Qeyd edək ki, 2011-ci ildən “Qalatasaray”ın şərəfini qoruyan Melo 2009-2010-cu illər ərzində Braziliya millisində çıxış edib.