“Barselona”nın lideri Lionel Messi İspaniya çempionluğunu vacib hadisə hesab edir. Apasport.az saytının məlumatına görə, bununla yanaşı o, hətta çempionluğun belə mövsümü xilas edəcəyinə inanmadığını vurğulayıb.
La Liqanın son turunda kataloniyalılar öz meydanlarında “Atletiko Madrid”i qəbul edəcəklər. Çempion olmaq üçün “Barselona” mütləq qələbə qazanmalıdır. “Barsa” bundan əvvəl İspaniya kubokunun finalında “Real”a məğlub olub. Çempionlar Liqasında isə “Atletiko”ya uduzaraq, turniri tərk edib.
Messi La Liqanın çox vacib turnir olduğunu vurğulayıb: “Biz həmişə demişik ki, bu turnir böyük əhəmiyyət daşıyır. Bu, bir illik əməyin nəticəsidir. Mövsüm ağır oldu. Biz ümumiyyətlə hər mövsüm hansısa çətinliklə qarşılaşmalı oluruq. Biz çempionluğu əldə etsək, çox gözəl olacaq. İnanmıram ki, mövsümü xilas etmək mümkün olacaq. Amma mükafat bütün hallarda vacibdir. Bu dəqiqdir”.