Məsut Bakkal: “Qəbələ”nin yaxşı futbolçuları var - MÜSAHİBƏ
17.01.2014 - 00:00
Məsut Bakkal: “Qəbələ”nin yaxşı futbolçuları var - MÜSAHİBƏ

Türkiyənin “Konyaspor” klubunun baş məşqçisi Məsut Bakkalın “Qəbələ” ilə yoldaşlıq oyunundan (4:2) sonra apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi.

 

- Qarşılaşma haqqında nə deyə bilərsiniz?

- “Qəbələ” mənim televizordan da izlədiyim bir komandadır. Yaxşı klubdur. Gözəl bir matç oldu. Xüsusən, bizim üçün yaxşı hazırlıq matçı olduğunu düşünürəm. “Qəbələ”yə gəlincə, onlara uğurlar diləyirəm. İnşallah, istədikləri yerdə olarlar. Yaxşı futbolçuları var.

 

- “Qəbələ”yə qarşı oyun ilk yoxlama görüşünüz idi?

- Yox, ikinci idi. İlk hazırlıq matçında “Kayseri Ərciyəsspor”la 1:1 bərabərə qaldıq. Yanvarın 17-də Almaniyanın “Duysburq” komandası ilə Antalyada son matçımızı keçirəcəyik. Bundan sonra isə Superliqada “Fənərbaxça” matçının hazırlıqlarına başlayacağıq.

 

- Belə demək mümkündürmü ki, “Qəbələ” ilə oyun “Fənərbaxça” ilə qarşılaşma üçün yaxşı bir hazırlıq oldu?

- (gülür) Yox. Bu sadəcə, bir hazırlıq matçı idi. Amma gözəl oyun oldu.

 

- Oyunu 0:2-hesablı yenilgidən 4:2 hesablı qələbəyə çevirməyiniz nəyə bağlıdır?

- Belə əzmkarlıq yaxşı haldır. Futbolçuları mənəvi cəhətdən düzəldir. Əsas istəklərimizi matç boyunca gördük. Bu arzu və istəklərin pozulmayıb davam etməsi önəmli idi.

 

- “Qəbələ”nin futbolçuları haqqında nə bilirsiniz?

- Yannik Kamanan “Sivasspor”da mənim oyunçum olub. Onunla oyundan öncə görüşdük. Daniyel Subotiçin “Qəbələ”nin vacib futbolçusu olduğunu bilirəm.

 

- “Qəbələ” haqqında məlumatlar sizdə hardandır?

- Mən “TRT Avaz” telekanalında çalışdığım vaxt Azərbaycan çempionatını izləyirdim. O kanalın idman verilişinə qonaq olaraq qatıldığım üçün “Qəbələ”nin futbolçularının demək olar hamısını tanıyıram. Azərbaycanda futbola dair önəmli addımlar atılmağa, yaxşı pul yatırılmağa başlandı. İnşallah, qısa müddətdə sizin futbolunuzun da yüksələcəyinə inanıram.

 

- Viktor Mendi, Umar Kalaban və Deyan Kelhar da Türkiyədə oynayıb...

- Kelhar da mənim oyunçum olub. Onunla qısa müddət də olsa “Samsunspor”da çalışmışam. Deyan çox vacib, çox yaxşı futbolçudur.

 

- Sabiq yetirmələrinizi burda görmək necə hissdir?

- Onları başqa komandanın heyətində görməyim adama çox sevinc bəxş edir. Sabiq futbolçum Kamanan bu gün indiki komandama qol vurdu. Onlara da, sizə də uğurlar arzulayıram.

 

Səbuhi TOFİQOĞLU

Antalya