Meydan sahiblərinə düşərli, “Xəzər Lənkəran” üçün uğursuz
19.02.2014 - 14:16
Meydan sahiblərinə düşərli, “Xəzər Lənkəran” üçün uğursuz

Topaz Premyer Liqasının bu gün keçiriləcək XXII turunun “Xəzər Lənkəran”la “Bakı” arasında prinsipial oyununu idarə edəcək Orxan Məmmədov mövsümdə 14-cü çempionat matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, referinin idarə etdiyi əvvəlki 13 qarşılaşmada meydan sahibləri 8, qonaqlar 4 qələbə qazanıb.
 

Məmmədov cəmi 1 dəfə heç-heçə qeydə alıb. Ədalət təmsilçisi bu matçlar zamanı meydan sahiblərinin lehinə 3 penalti qərarı verməklə yanaşı, qonaqlara 3 qırmızı vərəqə də göstərib.
 

Lakin evdə oynayanlar üçün düşərli olan Məmmədov “Xəzər Lənkəran”a uğur gətirmir. Komandanın evdə “İnter”ə (VIII tur) 0:1, səfərdə “Neftçi”yə (XII tur) 1:4 hesabı ilə uduzduğu qarşılaşmalarda məhz bu hakim fit çalmışdı.
 

“Bakı”nın 2 matçında iştirak edən hakim hər dəfə qonaqların minimal hesablı qələbəsini görüb. Əvvəl “İnter” (XV tur) paytaxtın eyniadlı təmsilçisini yenib, sonra isə Milinko Pantişin yetirmələri “Simurq”u (XX tur) udub – hər ikisi 1:0.