Milinko Pantiç: Qoy, “Xəzər Lənkəran” bizim haqda fikirləşsin
18.02.2014 - 14:51
Milinko Pantiç: Qoy, “Xəzər Lənkəran” bizim haqda fikirləşsin

“Bundan çətin oyun görmürəm. Çünki “Xəzər Lənkəran” ardıcıl 3 tur rəqiblərindən xal qoparmağı bacarıb. Özü də güclü komandalara qarşı çıxış edib”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.

 

 “Bakı” sabah Topaz Premyer Liqasının XXII turu çərçivəsində səfərdə “Xəzər Lənkəran”la qarşılaşacaq. Komandanın serbiyalı çalışdırıcı Milinko Pantiç bugünkü məşqdən sonra görüş haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb: “Biz də 3 oyundu yenilmirik. Sıx qrafiklə “Neftçi” və “Xəzər Lənkəran”la görüşmək özü də əlavə bir yükdür. Mən də istəyərəm ki, sabah bir qədər aşağı pillələrdə qərarlaşan komanda ilə üz-üzə gələk. Təəssüf ki, bu, indi mümkün deyil. Qış fasiləsindən sonra “Bakı”nın 3, “Xəzər Lənkəran”ın isə 2 qələbəsi varsa, rəqib bizim haqda düşünməlidir”.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Bakı” oyunu sabah saat 17:00-da başlayacaq.