Millimiz “ölüm qrupu”nda?
27.09.2014 - 13:44
Millimiz “ölüm qrupu”nda?

Futzal üzrə millimizin Avropa çempionatının əsas seçmə mərhələsindəki rəqibləri artıq bəllidi. Apasport.az saytının məlumatına görə, yığmamız Ukrayna, Belçika və təsnifat mərhələsində A qrupunun qalibi (Yunanıstan, Danimarka, Bolqarıstan, Cəbəlüttariq) ilə qarşılaşacaq.

 

Artıq qruplar haqqında fikir mübadilələri aparılır. Ukraynalılar IV qrupu “ölüm qrupu” kimi dəyərləndirir.

 

Onlar bunu Belçika, Ukrayna və Azərbaycanın son qitə birinciliyinin iştirakçısı olmaqla əlaqələndirir: “Göründüyü kimi, Aleksandr Kosenkonun yetirmələri “ölüm qrupu”na düşüb. 4 komandadan 3-ü nəinki yaxşı səviyyədədir, həmçinin Avropa çempionatında təcrübəyə malikdir. Belçikalılar və azərbaycanlılarla bizim yığma artıq qarşılaşıb. “Qırmızı iblislər”lə Yevgeni Rıvkinin yetirmələri hələ bu il Belçikada keçirilmiş Avropa çempionatında görüşüb. Onda “göy-sarılar” meydan sahibləri ilə heç-heçə etdi ki, bu belçikalılara növbəti mərhələyə keçmək imkanı vermədi. Ukraynalıların belçikalılar üzərində 2010-cu ildə Macarıstanda keçirilmiş qitə birinciliyindəki qələbəsini də yada salmaq olar. Elə Macarıstanda Ukrayna yığması 1/4 finalda oyunsonrası 6 metrlik penalti seriyasında Azərbaycana yenilmişdi. Bir sözlə, bu komandalarla köhnə hesabımız var”.

 

Qeyd edək ki, əsas seçmə mərhələnin oyunları martın 17-dən 22-dək Bakıda keçiriləcək.