“Azərbaycan yığmasının düşərgəsində olmağım mənim üçün çox qürurverici idi. Gərgin qrafiklə keçən toplanış zamanı özüm də həyəcanlı idim. Millidə olmağım həm də böyük təcrübə oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Dursun Akdağ deyib.
Milliləşən Almaniya türkü U-21-in Antalya toplanışında iştirak edib. Vətəninə qayıtdıqdan sonra açıqlama verən 19 yaşlı yarımmüdafiəçi yığma təəssüratlarını bölüşüb. Aşağı dəstə təmsilçisi “Hammer”in şərəfini qoruyan orta sahə oyunçusu millimizdən danışıb:
“Yığmanı qarşıda 3 seçmə oyunu gözləyir. Baş məşqçimiz həmin qarşılaşmalarda sınanmış futbolçulara güvənmək niyyətindədir. Mən isə komandada yeniyəm. Çalışdırıcımız Bernard Lippert mənə növbəti seçmə mərhələdə güvənəcəyini dedi. Belə olacağı halda, Azərbaycan pasportu almalıyam. Azərbaycan dili türkcəyə oxşasa da, bir az çətinlik çəkirdim. Lakin gündən-günə öyrəşdiyimdən işim asanlaşdı. Dəvət olunanlardan bəziləri bir neçə gündən sonra geri qaytarıldı. Mən isə yığmanın keçirdiyi 4 yoxlama matçının hamısında forma geyindim”.
Qeyd edək ki, “Hammer” klubu Vestfalen Oberliqasında çıxış edir.