Millimizin debütantı: Həyəcanlı olduğumu deməzdim
27.05.2014 - 10:25
Millimizin debütantı: Həyəcanlı olduğumu deməzdim

“Mövsüm başa çatdıqdan sonra milli komandanın heyətinə cəlb olunmuşuq. Burada yaxşı hazırlaşırıq, komanda ürəklə məşq edir”. Apasport.az saytının məlumatına görə, bunu millimizin debütantı Şəhriyar Əliyev deyib.

 

“Bakı”nın gənc müdafiəçisi ABŞ-la yoldaşlıq matçının sentyabrda start götürəcək Avropa çempionatının seçmə mərhələ görüşlərinə təsir göstərəcəyini bildirib: “Təlim-məşq toplanışı çərçivəsində ABŞ yığması ilə yoldaşlıq görüşü keçirəcəyik. Oyuna ciddi yanaşırıq. Bu matç Avropa çempionatının seçmə mərhələsindəki görüşlərinə müsbət mənada təsir edəcək”.
 

21 yaşlı Əliyev ilk dəfə əsas yığmaya cəlb olunmasından da danışıb: “ İlk dəfədir ki, milli komandaya dəvət olunmuşam. Həyəcanlı olduğumu deməzdim. Ölkənin bir nömrəli komandasına dəvət almaq insanın məsuliyyətini daha da artırır. Çalışacağam ki, mənə verilən bu şansdan maksimum yararlanım. Komanda üzvlərinin hamısı mənə dəstək olur. Ümumiyyətlə, mehriban kollektivimiz var. Bir ailə kimiyik. Burada hər şey çox gözəldir”.